Yeni qaydalar müsbət qarşılanır

Yeni qaydalar müsbət qarşılanır backend

İyulun 12-də hökumət fiziki şəxslər tərəfindən avtonəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə bağlı qaydalarda dəyişiklik edib. Əvvəllər sürücü xarici qeydiyyatlı avtomobilini ona verilən vaxt çərçivəsində ölkədən çıxarmalı idisə, yeni qaydaya əsasən vaxtı keçmiş avtomobil üçün sürücü gömrük orqanına sənəd təqdim etməlidir.

Yeni qaydanın optimallığını dəyərləndirən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bunun səmərəli olacağını deyib:
"Bundan əvvəl sürücülər onlara verilmiş müddət bitənədək avtomobillərini ölkədən çıxarmalı idi. Yeniliyə görə, sürücülər üzürlü səbəbdən onlara verilmiş müddət ərzində avtomobillərini ölkədən çıxara bilmədikdə gömrük orqanlarına müvafiq sənədlər təqdim etməlidir. Həmin hər hansı bir şəxs xaricdən gətirdiyi avtomobillə burada qəza törətsə, həmin avtomobili geri qaytara bilər. Yenilik də ondan ibarətdir ki, həmin fiziki şəxs bunu üçün Dövlət Yol polisindən arayışı alıb təqdim etməlidir ki, qəzaya düşmüş avtomobili geri qaytara bilsin”.
Ekspert bildirib ki, əgər belə avtomobillərə hər hansı dövlət qurumu həbs qoysa, həmin avtomobillər müsadirə edilə və ya mühafizə edilən duracaqlarda saxlanıla bilər. Sürücü bu halda da gömrük orqanlarına rəsmi sənədlə məlumat verməlidir. Bundan başqa əgər avtomobil sahibi müəyyən səbəblərdən xaricə gedə bilmirsə, həmin avtomobili gömrük orqanı sürücünü təyin etdiyi ərazidə saxlamalıdır. Saxlamaq üçün lazım olan xərci isə sürücü özü ödəyir.

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, yeni qaydanın nə dərəcədə effektli olacağını gələcək göstərəcək. Doğrudur, dəyişiklikdə sürücünün avtomobilini Azərbaycanda saxlaması üçün gömrük komitəsinə sənəd verilməli olduğu qeyd olunur, lakin bu zaman hər hansı bir ləngimələrin olub-olmayacağından heç kim sığortalanmayıb.

Qaydalarda edilən dəyişiklik əsasən şərtlərin əhatə dairəsini dəyişdiyini İqtisadiyyat üzrə eskpert Fikrət Yusifov Adalet.az-a açıqlamasında bildirib ki, əgər əvvəllər xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin rezidentlər tərəfindən gömrük ərazisinə müvəqqəti olaraq gətirilərkən onlara Gömrük Məcəlləsi ilə müəyyən edilmiş gömrük borcunun ödənilməsi üçün 1 ildən artıq olmayan müddətə icazə verilirdisə və həmin avtonəqliyyat vasitələrinin müvəqqəti qeydiyyat müddəti başa çatdıqda o artırılmırdısa, yeni qaydalarla avtonəqliyyat vasitəsinin müvəqqəti gətirilmə müddəti bitənədək, avtonəqliyyat vasitəsi tranzit qaydada keçərkən isə 72 saat ərzində aşağıdakı şərtlərdən birinə əməl edilməlidir: "Avtonəqliyyat vasitəsi gömrük ərazisindən geri aparılır;

Gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsulları tətbiq olunur; Avtonəqliyyat vasitəsi gömrük orqanının müəyyən etdiyi yerlərdə gömrük nəzarəti altında saxlanılır;

Avtonəqliyyat vasitəsinin qəza nəticəsində sıradan çıxması barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən, avtonəqliyyat vasitəsi üzərinə həbs qoyulduqda isə bu barədə qərar qəbul etmiş dövlət orqanı tərəfindən verilən təsdiqedici sənəd təqdim edilir;
Xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla, sadələşdirilmiş qaydada gömrük rəsmiləşdirilməsi aparılır. Yəni yeni qaydalarla xaricdə qeydiyyatda olan avtomobili müəyyən məqsəd üçün Azərbaycana gətirən tərəflə bu məsələdə daha geniş manevr edə bilmək imkanları yaradılır ki, bunu da müsbət bir hal kimi dəyərləndirmək lazımdır”.

Qeyd edək ki yeni qayda 30 gündən sonra qüvvəyə minəcək. Qanunvericiliyə görə, üzürsüz səbəbdən qeyd edilən müddətdə xarici qeydiyyatlı avtomobilini ölkədən çıxarmayan şəxslər isə avtomobilinin dəyərinin hətta bir neçə qatı qədər də cərimə oluna bilər.

Rüfət Soltan