Aprel döyüşlərində şəhid olan Xaçmaz rayon sakini Elvin Mirzəyevin məzarının üstünün düzəldilməsi iki aydan çoxdur ki, Xaçmaz rayon icra hakimiyyəti tərəfindən yubadılır. Prodüsser Tolik ləqəbli Tarix Əliyev şəhidin məzarının üstünün düzəldəcəyi ilə bağlı sosial mediada açıqlama verəndən sonra icra qurumu əl-ayağa düşüb. Çox qəribədir ki, şəhidin təltif edildiyi medal da məhz bu gün ailəsinə təqdim edilib.
Prodüser Tarix Əliyevin (Tolik) bu gün sosial şəbəkədə Elvin Mirzəyevin qəbir daşını qoydurmaq istəməsiylə bağlı müraciəti məsələni yenidən gündəmə gətirib. Tolik qəbrin qoyulmasıyçün lazım olan vəsaiti verməyə hazır olduğunu bildirib.Bu barədə Tolik sosial şəbəkədə yazıb. O bildirib ki, E.Mirzəyevə mərmərdən baş daşı qoymaq fikirindədir: “Şəhidin qəbrinin üstünü düzəltdirməyə Xaçmazın icra başçısının 500 manatı yoxdursa, mən ona mərmərdən qəbir daşı qoyduraram. Allah vətən uğrunda ölən hər bir şəhidə rəhmət eləsin”.
Şəhidin anası bildirir ki, “evimin sonbeşiyi olan övladımı itirmişəm. Yeganə təsəllim ona edilən diqqət və hörmətdir. Onu da görməyəndə dərdim yenidən təzələnir.”
Şəhidin qardaşı Namiq Mirzəyev aznews.az-a açıqlamasında qeyd edib ki, E.Mirzəyevin qəbrinin üstünün düzəldilməsini Xaçmaz Rayon İcra Hakimiyyəti öz üzərinə götürüb: "Dünən icra hakimiyyəti bizim ailəni qəbul edib Elvin Mirzəyevin təltif olunduğu medalı ailə üzvlərinə təqdim etdi. Orada bütün ailə üzvləri iştirak etdilər. Dünən yüksək səviyyədə bir görüş keçirildi. İcra başçısı bildirdi ki, qəbrin üstü bu gün qoyulacaq".

Bəs Xaçmaz rayonundan olan digər şəhid Elvin Qayıbovun məzarının üstünün nə vaxt göyulmasına gəlincə N.Mirzəyev bundan məlumatsız olduğunu dedi: "Yəqin ki, bunu onların ailələri daha dəqiq bilər".
Qeyd edək ki, aprel döyüşlərində həlak olan Xaçmaz rayon sakinləri Mirzəyev Elvin və Qayıbov Elvinin, həmçinin may ayında şəhid olan Yüzbəyov Əmrahın qəbir daşları bu günə kimi qoyulmayıb. Bu isə mətbuatda ciddi müzakirə mövzusuna çevrilib.
Qurumdan onu da qeyd etdirlər ki, hazırda Müdafiə Nazirliyinin nümayəndələri Xaçmazdadır: “Yəqin ki, qəbrin düzəldilməsi məsələsi də müzakirə olunacaq. Bu, nəzərdə tutulub. Əgər vətəndaş hər hansı bir arzu ilə çıxış edirsə, bu, onun istəyidir. Şəhid ailələrinə yardım edən o qədər iş adamları, imkanlı şəxslər var ki... Xeyriyyəçi insanlara yol hər zaman açıqdır”.



