Məşhur bank şəhid ailəsinə təzyiq edir: “Bizə görə ölməyib ki...”

Məşhur bank şəhid ailəsinə təzyiq edir: “Bizə görə ölməyib ki...” backend

Bu il aprel döyüşlərində şəhid olan Seymur Baxışovun ailəsi "Bank of Baku" tərəfindən təzyiqlərə məruz qalıb.

Qaziler.az xəbər verir ki, bu barədə AzNews.az-a şəhidin anası Zemfira Baxışova məlumat verib. Onun sözlərinə görə, götürdüyü krediti qaytara bilmədiyi üçün ailə bank nümayəndələri tərfindən hədə-qorxulara məruz qalır: “Kreditimizi hər ay ödəyirdik. Aprel ayında oğlum şəhid oldu. O vaxtdan sonra işləmirəm deyə krediti ödəyə bilmirəm. Devalvasiyadan sonra götürdüyüm məbləğ haradasa 3 min manata yaxın olub. Onlar da mənə zəng edib hədə-qorxu gəlirlər. Deyirlər ki, pulu ödəməsəniz sizi hüquq-mühafizə orqanlarına verəcəyik. Deyirəm ki, oğlum şəhid olub, vəziyyət ağırlaşıb, götürdüyüm krediti qaytara bilmirəm. Bank nümayəndəsinin cavabına baxın: “Nə olsun, bizə görə şəhid olmayıb ki... Olub, olub da, Allah rəhmət eləsin, gətirin bankın pulunu ödəyin”. Hələ üstümə qışqırır da. Bəs, mənim uşağım kimə görə şəhid olub? Mənim də bu pulu ödəməyə imkanım yoxdur”.

Z.Baxışova şəhid oğlunun ailəsinə də baxdıqlarını bildirib: “Tək bizə deyil, kredit götürdüyüm zaman banka verdiyim bütün nömrələrə də zəng edib təzyiqlər edirlər. Mən pul tapa bilmirəm ki, onu ödəyim. Ailədə heç kəs işləmir güclə çörək pulu tapırıq. Yoldaşımla mən pensiya alırıq. Onunla dolanırıq. Seymurun ailəsi də bizimlədir. Hamımız gözümüzü pensiyaya dikmişik. Bank isə heç bir güzəşt etmək istəmir”.

Məlumat üçün bildirək ki, ölkədə fəaliyyət göstərən əksər banklar aprel döyüşlərində şəhid olan əsgərlərimizin ailələrinin kredit borclarını siliblər. Belə bir vəziyyətdə “Bank of Baku”nun şəhid ailəsini bu qədər sıxışdırması anlaşılan deyil. Əgər məsələ problemli kreditdirsə, əslində “Bank of Baku” daha çox qazanmaq “həvəsinin” bəlasına düşüb. Belə ki, bank illərdir müştərilərə 29-30 faizlə kredit təklif edir. Bu gün yüksək faizlə verdiyi kreditlərin bir hissəsinin geri qayıtmamasının acısını yaşayır. Bankın özünün hesabatına görə, 2015-ci ilin 9 ayına müştərilərə verilən kreditlər və lizinqlər üzrə vaxtı keçmiş kreditlərin məbləği 94 512.1 min manat olub. Onun 78 743.4 min manatı fiziki şəxslərin payına düşüb. Söhbət hələ əhalinin kreditləri ödəmə qabiliyyətinin aşağı düşmədiyi dövrdən gedir. Nəzərə alsaq ki, bu ilin 3 ayında bankın iri kreditlərinin cəmi 10 000.00 min manat (məcmu kapitala nisbəti 0,12 faiz olub.) təşkil edib. Vəziyyəti özünüz düşünün…

Bankın özünün öhdəliklərinə gəlincə, burada da durum yaxşı deyil. Bankın öhdəlikləri 518 822.22 min manat təşkil edib. Bunun cəmi 328 759.91 min manatı müştəri depozitləridir. Bank 3 ayda Mərkəzi Bankdan 40 000.00 min manat kredit alib.
Müqayisə üçün qeyd edək ki, 2015-ci ilin sonuna bankın müştəri depozitləri 429 960.77 min manat olub. 2016-ci ilin 3 ayında bankın cəmi aktivləri 591 354.33 min manat, 2015-cü ilin dördüncü rübündə 734 848.69 min manat təşkil edib.

Nəhayət sonda: “Bank of Baku”nun rəsmi internet ünvanında uzun-uzadı maliyyə qrumunun korporativ sosial məsuliyyət siyasətindən bəhs edilir. Lakin şəhid ailəsinə güzəşt tanımaması bankın KSM- siyasətinin də hansı vəziyyətdə olduğunu göstərir.

Məsələ ilə bağlı Qaziler.az məlumat verəcək.
Diaspora