Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İş yerinə dair arayış” elektron xidmətinə müraciətlərin sayı artmaqda davam edir. Bu e-xidmətdən istifadə sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin iyun ayında 19,4 faiz artaraq 16040-a, son 6 ayda isə 27,8 faiz artaraq 89041-ə çatıb.
2014-cü ilin iyulundan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi nəticəsində bütün işçi və işəgötürənlər barədə dolğun informasiya bazasının formalaşması sistemin funksional imkanlarının artırılmasına, həmin ilin dekabrında “İş yerinə dair arayış” e-xidmətinin yaradılmasına imkan verib. Respublikada kağız arayışların e-arayışlarla əvəzlənməsinin sürətlənməsinə səbəb olan bu e-xidmət vətəndaşların günün istənilən vaxtında aidiyyəti təşkilata onlayn formada, rahat şəkildə arayış təqdim edə bilmələrinə şərait yaradıb. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu”nun 24.4 bəndinə əsasən, bu e-arayışlar eyni məzmunlu kağız üzərində olan arayışlarla bərabər hüquqi qüvvəyə malikdirlər. Vətəndaşlar bu arayışları çap edərək kağız formasında da təqdim edə bilərlər.“İş yerinə dair arayış” e-xidməti vasitəsilə həmin arayışların alınması və verilməsi üçün vaxt itkisinin, bu prosesdə baş verə biləcək bürokratik proseslərin, neqativ halların aradan qaldırılması təmin edilib. E-arayışların təqdim edildiyi təşkilatlar isə həmin sənədlərdə qeyd edilən QR-koddan istifadə edərək onlarda əksini tapan məlumatların düzgünlüyünü yoxlamaq, habelə əlavə olaraq vətəndaşın iş stajı, iş yeri, vəzifəsi ilə bağlı informasiyalar əldə etmək imkanına malikdirlər.
Artıq bir il yarımdan çoxdur ki, əhalinin istifadəsində olan “İş yerinə dair arayış” e-xidmətindən vətəndaşlar cari ilin 01 iyul tarixinədək 314227 dəfə faydalanıblar.