28 mart - Milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günüdür. Bu gün Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin təmin olunmasında xüsusi yeri və rolu olan milli təhlükəsizlik orqanlarının yaranmasından 96 il ötür. Vətənimizin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda gedən döyüşlərdə şəhid olmuş, peşə fəaliyyətinin həyata keçirilməsi, o cümlədən cinayətkarlıqla mübarizədə həyatını və sağlamlığını itirmiş milli təhlükəsizlik orqanları bütün əməkdaşlarını minnətdarlıqla xatırlayırıq.
28 mart 1919 – Azərbaycanda ilk milli təhlükəsizlik orqanı yaradılıb. Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi (kvartirmeyster) təşkil edilib. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib. Sovetləşmədən sonra təşkilatın üzvləri repressiyalara məruz qalib, M.Şeyxzamanlı başda olmaqla əksər rəhbər heyət güllələnib, N.Şeyxzamanlı Türkiyəyə mühacirət edib. Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya ("ÇK") adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının ("NKVD") tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub. 1967-ci ilədək respublikanın təhlükəsizlik orqanlarına qeyri-azərbaycanlılar rəhbərlik ediblər. Həmin il general Heydər Əliyev Azərbaycan DTK-nın sədri təyin olunub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yaranıb. Prezident Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub.Milli Təhlükəsizlik Nazirliyinin bütün əməkdaşlarını ürəkdən təbrik edirik! Bayramınız mübarək! Bayram münasibəti ilə hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının və Nəsibə Bədəlbəylinin ifasında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına həsr edilmiş “Öncə vətəndir” mahnısını təqdim edirik. Mahnını sözləri və musiqisi Şahin Musaoğlunundur.