Azərbaycan İstiqlal Muzeyindən QAZİLER.AZ-a verilən məlumata görə, bu gün Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “Torpaq uğrunda ölən varsa Vətəndir!” adlı layihə çərçivəsində İTV-nin “Carçı” Film Yaradıcılıq Birliyinin aparıcısı, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribovun müəllifi olduğu Milli Qəhrəman Səyavuş Həsənova həsr olunan “Şəhid, səndən başlayır Vətən!” sənədli filminin təqdimatı keçirildi.
Cari ildən Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını bir daha anmaq məqsədilə muzeyimiz “Torpaq uğrunda ölən varsa Vətəndir!” adlı layihəyə start verib. Bu layihə çərçivəsində Azərbaycan İstiqlal Muzeyi Paşa Nəzərov adına 60, Şəfiqə Əfəndizadə adına 13, Hikmət Nəzərli adına 27, Səbail rayonu 163 saylı və digər məktəblərdə, hərbi hissələrdə Milli Qəhrəmanların, onların ailə üzvlərinin iştirakı ilə sərgi-tədbirlər keçirib, həyat və fəaliyyətini əks etdirən sənədli filmlər nümayiş etdirib.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin elmi-kütləvi işlər şöbəsinin müdiri Sədi Mirseyibli, Milli Qəhrəman Səyavuş Həsənovun oğlu Həsən Həsənli, döyüş yoldaşı və qohumu Telman Tağıyev çıxış etdilər.

Tədbirdə Milli Qəhrəman Səyavuş Həsənovun qohumları və dostları, Milli Qvardiyanın, Daxili Qoşunların əsgərləri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri və digər qonaqlar iştirak etdilər.