Bu gün Azərbaycan-Türkiyə Evinin (ATEV) təşkilatçılığı ilə “Mahmud Kaşğari” adına türkçülük mükafatının təqdimetmə mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən “Azəri-Türk Qadınlar” İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, tədbirin təşkil edilməsində məqsəd türk dünyasına xidmət edən şəxslərin mükafatlandırılmasıdır.
“Tədbirin bu gün keçirilməsində məqsəd həm də 31 mart azərbaycanlıların soyqırımı barədə qonaqlarımıza məlumat verməkdir. Çünki burada türk dünyasının çox böyük fikir adamları toplaşıb. Həm Qırğızıstan, həm də Qazaxıstanın xalq şairi Muxtar Şaxanov, araşdırmaçı-tarixçi Lyudmila Yeqerova, sənətçi Əhməd Şəfəq, Türkiyənin Həmkarlar İttifaqları Konfederasiyasının başqanı İsmayıl Koncuklu da bu mükafata layiq görülüb. İsmayıl Koncuklu həm Xocalı faciəsinin tanıdılmasında, həm də Qarabağ probleminin həlli üçün Azərbaycana ciddi dəstək verib. Yəni, bu gün təltif olunanlar türk dünyasındakı xidmətləri ilə yanaşı, həm də Qarabağ probleminin həllinə ciddi dəstək verən insanlardır”, - deyə o vurğulayıb.Millət vəkili Sabir Rüstəmxanlı isə mərasimin önəmini vurğulayaraq qeyd edib ki, bütün imkanlardan istifadə edib türk millətinin yaşadığı faciəni cəmiyyətə bir daha xatırlatmaq lazımdır: “1800-cü ildən bəri bu torpaqlara işğalçı ayağı deyib, millətimiz bir çox məhrumiyyətlər yaşayıb. Nə qədər acı olsa da, türk milləti həmişə faciəli günlərini tez yaddan çıxarır. Bu il ermənilərin qondarma soyqırımının 100 illiyi ərəfəsində biz dünyaya bir daha bəyan etməliyik ki, əslində soyqırıma məruz qalan türklərdir. Biz bu yalanlara cavab verməliyik”.
Öz növbəsində millət vəkili Fəzail İbrahimli türk dünyasının birliyi baxımından tədbirin əhəmiyyətini vurğulayıb.
Sonda mükafatlar sahiblərinə təqdim olunub.