Müdafiə nazirinin müharibə bəyanatlarına reaksiyalar gəldi

Müdafiə nazirinin müharibə bəyanatlarına reaksiyalar gəldi backend

Natiq Miri: “Baş verənlər yeni bir siyasətin təzahürləridir”; Rey Kərimoğlu: “Zakir Həsənovun bəyanatının real əsasları var”

Xəbər verildiyi kimi, Novruz bayramı ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu rayonlarda yerləşən hərbi hissələrdə olub. Nazir səngərlərdə əsgərlərlə görüşərkən iki mühüm bəyanat verib. Z.Həsənov “ilk zərbədə düşmənin 70 faizini məhv edəcəyik” deyib, əsgərlərlə çörək kəsərək “yaxın vaxtlarda bir yerdə vuruşacağıq” söyləyib.

Nazirin bəyanatlarına Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Natiq Miri və Qarabağ qazisi Rey Kərimoğlunun münasibətini öyrəndik.

N.Miri deyir ki, erməni ordusu dağılmaq üzrədir, mənəvi-psixoloji deqradasiya içindədir. Düşmən ordusunda əsgərlərin əhval-ruhiyyəsi sıfır səviyyəsindədir. Bu məqamda nazirin açıqlaması gözlənilən və yerində olub: “Nazirin açıqlaması Azərbaycan əsgərinə psixoloji üstünlük vəd edir, ruh yüksəkliyini artırır. Ordumuzun təchizatı, müasir silahlarla təmin edilməsi, düşməndən qat-qat güclü bir vəziyyətə gətirilməsi də psixoloji üstünlüyü Azərbaycan tərəfinə edir. Düşünürəm ki, lokal hərbi əməliyyatlar nəticəsində bir neçə həftəyə Azərbaycan özünün rayonlarını işğaldan azad edə bilər”.



N.Miri hesab edir ki, nazirin açıqlaması regionda baş verən geosiyasi vəziyyətə uyğundur: “Regionda ABŞ, Avropa və Rusiya qarşıdurması var, Ukraynada böyük bir savaş gedir. Rusiya getdikcə daha çox itirir və aqressivliyi də artır. İtirdiklərini pərdələmək üçün Rusiya regionda manevrlər etməyi düşünür. İtirilən Ukraynanı Cənubi Qafqazın strateji ölkəsi ilə kompensasiya etmək istəyini açıq büruzə verir. Fikrimcə, bu, asan məsələ olmayacaq. Azərbaycana konkret nələrsə verilməsə, Azərbaycandan nələri isə almaq çox çətin olacaq. Üstəlik, üfüqdə Rusiya, Türkiyə və Azərbaycan yaxınlaşması var. Nəzərə almaq lazımdır ki, hər an regionda ictimai-siyasi, hərbi vəziyyət dəyişə bilər və Azərbaycan yaranmış vəziyyətdən istifadə edərək işğal olunmuş torpaqlarını azad edə bilər”.

N.Miri bildirdi ki, Azərbaycan işğal edilmiş torpaqlarını hərb yolu ilə azad etmək üçün qısa zamanda çox böyük işlər görüb: “Bu yöndə çox ciddi hazırlıqlar görülüb. Azərbaycan ordusu düşməni işğal edilmiş torpaqlardan təmizləmək iqtidarındadır. Nazirin son açıqlaması təkcə Azərbaycan cəmiyyətinə deyil, həm də Ermənistan auditoriyasına hesablanıb. Bu gün Ermənistanda mərkəzdənqaçma prosesi gedir. Düşmən ordusuna endirilən zərbələr, ardıcıl verilən tutarlı cavablar erməni əsgərləri qaçaraq canlarını qurtarmağa sövq edir. Artıq erməni əsgərlər onları cinayətə sürükləyən məsuliyyətsiz rəhbərlərinin əsassız tənbehlərinə tuş gəlməmək üçün silahı atıb ağ bayraqla bizim tərəfimizə keçirlər. Bu çox ciddi prosesin başlanğıcıdır”.

N.Miri bildirdi ki, son zamanlar düşmən ordusunun çox böyük itkilər verməsi, Azərbaycan ordusunun fəallaşması regionda yaranmış geosiyasi vəziyyətlə bağlıdır: “Azərbaycanın Qarabağ cəbhəsindəki siyasətində dəyişikliklər baş verib. Baş verənlər yeni bir siyasətin təzahürləridir və bu basqılı siyasət artan xətlə davam edəcək. Zakir Həsənovun səngərə gedib əsgərlərlə bir boşqabdan çörək yeməsi çox müsbət hadisədir. Mənəvi psixoloji cəhətdən əsgərlərə ruh verir. Komandir öndə olduğu təqdirdə əsgər torpaq uğrunda canından belə keçməyə hazır olur. Bu hadisənin baş tutmasına görə naziri təbrik etmək olar”.



Qarabağ qazisi Rey Kərimoğlu bildirdi ki, Z.Həsənov nazir təyin olunandan sonra ordumuzda müsbət dəyişikliklər baş verib, əsgər və zabitlər arasında ruh yüksəkliyi yaranıb: “Bu, düşmənə verilən cavablarda da özünü göstərir. Azərbaycan ordusunun şəxsi heyəti müdafiə nazirinə güvənir. Bu çox vacib bir məqamdır”.

R.Kərimoğlu döyüşdüyü günləri xatırlamaqla fikrini davam etdirdi: “1992-ci il fevralın 1-2-də Ağdamda ”Fərrux" deyilən bir yüksəklik vardı, ağır döyüşlərdən sonra həmin yüksəkliyi almışdıq. 2 gün idi ki, heç yemək də yeməmişdik. “Fərrux” əməliyyatından sonra kəndin müdafiəsində dayanan əsgərlərə o dövrdə Ağdamın icra başçısı olan Səyyaf Verdiyevin adından arasında pendir və kolbasa olan para çörək, bir butulka “Sirab” suyu, 2 qutu “Astra” siqareti, 2 qutu kibrit gətirmişdilər. Elə bilirdik ki, dünya bizimdir, arxamızda bütün Azərbaycan dayanıb, dağ durduğunu hiss edirdik. 15 nəfər idik, elə bilirdik ki, gedib Xankəndini də ala bilərik. Ələlxüsus da bayram ərəfəsində nazirin əsgərlərlə görüşə getməsi ruh verən bir məsələdir. Zakir Həsənov nazir təyin olunandan sonra əsgərə münasibət də, yeməyi də, geyimi də, silahı da dəyişib. Bunu əsgərlər də hiss edir və döyüş ruhu qalxır. Bu çox ciddi bir faktordur".

R.Kərimoğlu deyir ki, nazirin bəyanatları Azərbaycan və Ermənistan cəmiyyətlərinədir: “Nazir Azərbaycan ordusunun səviyyəsinin işğaldakı torpaqları azad etməyə imkan verdiyini bəyan edir və bunun hər an baş verə biləcəyinə söyləyir. Bu düşmən ordusuna psixoloji baxımdan mənfi təsir edir, bu biz Qarabağ qazilərini çox sevindirir. Nəhayət ki, ordu ilə komandanlıq, xalq arasında vəhdət var. Arzu edirəm ki, tezliklə işğal altında olan öz ərazimizdə hərbi əməliyyatlara başlayaq. Düşmən gec-tez Azərbaycan ordusunun hərbi qüdrətini görəcək. Zakir Həsənovun bəyanatının real əsasları var”.

"Yeni Müsavat"
Diaspora