Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) “Müxtəlif kateqoriyadan olan qruplar üçün onlayn ifadə azadlığı mədəniyyəti seminarları” layihəsi çərçivəsində növbəti tədbirini Bakıdakı 5 saylı məktəbdə keçirib. “Müəllimlər və yuxarı sinif şagirdləri üçün onlayn ifadə azadlığı mədəniyyəti” mövzusunda seminara 27 nəfər müəllim və şagird qatılıb.
CASCFEN Mətbuat Xidmətindən QAZİLER.AZ-a verilən xəbərə görə, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə baş tutan seminarda şəbəkə istifadəçilərinin davranış qaydaları və onların pozulması zamanı meydana çıxacaq məsuliyyət müzakirə edilib.Tədbirin açılışında çıxış edən CASCFEN sədri Azər Həsrət layihə haqqında qısa bilgi verdikdən sonra məktəbin direktoru Nərminə Gündüzlü iştirakçıları salamlayıb onlara işlərində uğurlar arzu edib.
Bunun ardınca Azər Həsrət Nərminə Gündüzlüyə layihəyə verdiyi dəstəyə görə CASCFEN-in diplomunu təqdim edib.
Daha sonra layihənin eksperti, Bakı Slavyan Universitetinin baş müəllimi, doktor Nüşabə Hüseynli onlayn mühitdə davranış qaydaları haqqında geniş çıxış edib. O, özəlliklə də müəllim və şagirdlərin bu mühitdə davranışlarının ayrı-ayrı məqamlarına toxunub.
Çıxışçı qeyd edib ki, Azərbaycanda sözü gedən sahə üzrə dövlətin yaratdığı imkanlardan səmərəli şəkildə istifadə edilməlidir. Özəlliklə də şagirdlərin bu məsələdə diqqətli olması vacibdir.
Növbəti ekspert CASCFEN NTK sədri Sevda Əsgərova iştirakçılara netizen və netiket ifadələrini izah edib. Bundan sonra o, netiketin 10 qızıl qaydası haqqında geniş izah verib.
İştirakçıların da fəallığı ilə seçilən seminarın sonunda sertifikatlar təqdim edilərək xatirə şəkli çəkdirilib.