Prezident yeni yolun açılışında - FOTO

Prezident yeni yolun açılışında - FOTO backend

Azərbaycan prezidenti İlham Əliyev Sabunçu rayonu ərazisində əsaslı şəkildə yenidən qurulan Maştağa-Bilgəh yolunun, həmçinin Nardaran qəsəbəsində Abşeron və Nəsrulla Əsgərov küçələrinin açılışında iştirak edib.

Qaziler.az-ın xəbərrinə görə, "Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına Sabunçu rayonu ərazisində həyata keçirilən yol-tikinti işləri barədə məlumat verib.
Prezident İlham Əliyevə Nardaran qəsəbəsindəki Abşeron və Nəsrulla Əsgərov küçələrinin yenidən qurulması layihəsi barədə də məlumat verilib.
Bildirilib ki, 2360 metr uzunluğunda Abşeron küçəsinin yenidənqurmadan əvvəl hərəkət zolaqlarının sayı iki, eni isə orta hesabla 8 metr olub. Layihəyə əsasən, yolun eni genişləndirilərək dördzolaqlı olmaqla 18 metrə çatdırılıb. Küçə boyu hər iki istiqamət üzrə 2 metr enində yeni səkilər tikilib. Abşeron və Nəsrulla Əsgərov küçələrinin kəsişməsində yeni dairə inşa olunub.
Nardaran qəsəbəsinin mərkəzindən Rəhimə xanım ziyarətgahına qədər 1050 metr uzunluğunda Nəsrulla Əsgərov küçəsinin eni əvvəllər 6 metr olub. Layihə çərçivəsində yolun eni genişləndirilərək 16 metrə çatdırılıb. İkitərəfli işıqlandırma dirəkləri quraşdırılaraq tam yeni müasir yol infrastrukturu yaradılıb. Hazırda bu küçə 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir. Burada hər iki istiqamət üzrə 2 metr enində yeni səkilər tikilib. Rəhimə xanım ziyarətgahının qarşısında avtomobillər üçün dayanacaq da yaradılıb.
Azərbaycan prezidentinə hazırda inşası davam etdirilən Ramana-Maştağa avtomobil yolu ilə bağlı da məlumat verilib.
Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Maştağa-Bilgəh yolunun, həmçinin Nardaran qəsəbəsində Abşeron və Nəsrulla Əsgərov küçələrinin rəmzi açılışını bildirən lenti kəsib.
Dövlət başçısı yeni yolda avtomobili idarə edib.
Sonra prezident İlham Əliyev Nardaran qəsəbəsinin sakinləri ilə görüşüb.
Prezident İlham Əliyev Nardaran qəsəbəsindəki Rəhimə xanım ziyarətgahı ilə də tanış olub.
Diaspora