QAZİLER.AZ saytı xəbər verir ki, bu gün MODERN.AZ saytı tanınmış Qarabağ qazisi və jurnalist Rey Kərimoğlunun məşhur çeçen səhra generalı Salman Raduyevlə fotosunu yayıb.
Fotonun tarixçəsi barədə danışan R.Kərimoğlu modern.az-a bildirib ki, 1998-ci ildə Qarabağ Əlillər Cəmiyyətinin rəhbərliyinin və fəallarının bir qrupu Qroznıda keçirilən Çeçenistan əlillərinə xeyriyyə marafonunda iştirak edib. Səfərin xərci və təşkilatı işlərə Qarabağ Əlillər Cəmiyyətinin sədri Ehtimad Əsədov rəhbərlik edib. Foto da o zaman çəkilib.Marafonda Cəmiyyəti təmsil edənlər sırasında olan təşkilatın o vaxtkı mətbuat katibi Rey Kərimoğlu həmin dövrdə aldığı iki saatlıq müsahibənin videokassetinin hazırda onda olmadığını da deyib:
“O vaxtı Qroznıda Çeçenistan əlilləri üçün xeyriyyə marafonu keçirilirdi. Biz də - Qarabağ Əlillər Cəmiyyətinin rəhbərliyində təmsil olunan bir neçə şəxs ora yola düşdük.
Biz Çeçenistanda olanda Aslan Mashadovla, Zəlimxan Yandarbayevlə, Salman Raduyevlə və digərləri ilə görüşümüz oldu. Zəlimxan Yandarbayevlə, Salman Radıyevlə təxminən iki saatlıq müsahibə də almışdım. Təəssüf ki, o videokassetlər hazırda mənim əlimdə deyil”.
Maraqlıdır ki, bu gün fotonu R.Kərimoğluna tanınmış jurnalist Azər Həsrət təqdim edib.
