Könüllü olaraq Azərbaycan tərəfinə keçmiş erməni əsgəri Andranik Qriqoryanın atası Ararat Qriqoryanı polis saxlayıb. APA-nın Ermənistanın epress.am saytına istinadən verdiyi xəbərə görə, ata Qriqoryan Martunidəki polis bölməsinə aparılıb.
Bu gün jurnalistlərə açıqlama verən Ermənistanın müdafiə naziri Seyran Ohanyan deyib ki, Qriqoryanın Azərbaycan tərəfinə keçməsinin səbəblərini onun ailəsində axtarmaq lazımdır.Qeyd edək ki, onun saxlanılan səbəbi və sonrakı taleyi barədə erməni KİV-də heç bir məlumat verilmir.
Xatırladaq ki, erməni silahlı bölmələrinin 1991-ci il təvəllüdlü müqaviləli hərbi qulluqçusu Andranik Araratoviç Qriqoryan martın 22-də saat 13:50 radələrində Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə keçərək, könüllü olaraq ordumuza təslim olub. O, Ermənistan Ordusundakı hərc-mərclikdən, aclıqdan bezdiyini qeyd edib: "Mən onların çirkin oyunlarının növbəti qurbanı olmaq istəmirəm. Qarabağdakı dözülməz şərait, hərbi hissələrdəki intizamsızlıq, silah-sursat çatışmazlığı, qida və dərman qıtlığı, yerli ermənilərlə ermənistanlı ermənilər arasındakı münaqişə, zabitlərin əsgər və gizirlərə pis münasibəti və hərc-mərclik məni cana yığıb. Mənim kimi o tərəfdə bu cür yaşamaqdan bezib bura keçmək istəyən çoxlu sayda insan var".