Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib backend

İyunun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.

Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.

İftar mərasimi müqəddəs Qurani-Kərimdən ayənin oxunması ilə başladı.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür PAŞAZADƏ mərasim iştirakçılarını salamlayaraq dedi:

-Bismillahir-rəhmanir-rəhim.

Möhtərəm Prezident İlham Əliyev həzrətləri.

Hörmətli məclis iştirakçıları.

Əziz qonaqlar.

Dəvətimi qəbul etdiyinizə görə sizə təşəkkürümü bildirirəm. Hamınıza “Xoş gəlmisiniz!” deyirəm.

“Qurani-Şərif”in nazil olduğu mübarək Ramazan ayında dini konfessiyaların rəhbərləri ilə birlikdə iftar süfrəsində dövlətimizin rəhbəri ilə bərabər olmaq bizim üçün çox qürurvericidir, özümüzü xoşbəxt hiss edirik. Bu, bir ənənə halı alıb. Bu ənənənin bünövrəsini qoyan dövlətçiliyimizin banisi, milli mənəvi dəyərlərimizə həyat verən, müstəqilliyimizi əbədi edən ulu öndər Heydər Əliyev həzrətləri olub.

Allah-Taalanın mərhəmət qapılarının açıq olduğu, duaların qəbul olunduğu bir dövrdə, Zati-aliləri, dindarlarımız Sizin həmişə müzəffər olmağınız üçün dualar edirlər. Biz bunun nəticəsini görürük. Sizin rəhbərliyinizlə ordumuz möhtəşəm qələbə qazandı. Çoxdan gözlədiyimiz, arzu etdiyimiz qələbənin sevincini yaşadıq. İnanıram ki, erməni işğalçıları tərəfindən zəbt edilmiş Azərbaycan torpaqları inşallah tezliklə Sizin rəhbərliyinizlə azad olunacaq. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Allah-Taala Vətənin şəhid oğullarına rəhmət eləsin.

Zati-aliləri, Siz hörmətli Mehriban xanımla cəbhə bölgəsində oldunuz, səngərlərdə əsgərlərlə, ictimaiyyətlə görüşdünüz. Siz bizdə bir inam yaratdınız, qələbəyə inam yaratdınız. İnanırıq ki, Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz, inşallah, hər an düşmənə layiqli cavab verməyə hazırdır.

Zati-aliləri, Siz 2016-cı ili “Multikulturalizm ili” elan etmisiniz. Hazırda iqtisadi, mənəvi böhran, dinc birgəyaşayış problemləri ilə üzləşən dünyaya Siz Azərbaycanın tolerantlıq, dialoq modelini təklif edirsiniz. Siz həm də bəşəriyyəti qorxudan, lərzəyə salan terrorizmi, ekstremizmi, islamofobiyanı və bu cür təhdidləri aradan qaldırmaq üçün dünyanı multikulturalizmə, dinlər arasında, mədəniyyətlər arasında dialoqa çağırırsınız.

BMT səviyyəsində sivilizasiyalararası qlobal forumun, mədəniyyətlərarası dialoq forumunun, dünya dini liderlərinin zirvə görüşünün, möhtəşəm idman oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin hərtərəfli inkişafının göstəricisidir.

Çox böyük Avropa dövlətləri bu gün miqrant, qaçqın problemlərindən çətinlik çəkirlər. Amma Azərbaycan XX əsrin axırlarında üzləşdiyi çətinliklərə baxmayaraq, bir milyondan artıq məcburi qaçqın və köçkünün problemlərini özü həll etdi. Bununla bərabər, həm də mənəviyyatımıza böyük önəm verdi. Dövlətimizin başçısının təşəbbüsü və qayğısı ilə inanclı insanlar üçün yeni dini məbədlərin tikilməsi və ya bərpa olunması, dini icmalara maddi və mənəvi kömək və sair məsələlər Azərbaycan dövlətinin qüdrətli və qüvvətli olmasını təsdiq edən amillərdən biridir.

Zati-aliləri ulu öndər Heydər Əliyevin mənəviyyat yoluna sadiq qalan İlham Əliyev həzrətlərinin təşəbbüsü ilə möhtəşəm Heydər Məscidinin, Azərbaycan xalqının mənəvi həyatında xüsusi yeri olan Gəncə İmamzadə kompleksinin tikilib dindarlara təhvil verilməsi təkcə Azərbaycan müsəlmanlarına deyil, İslam dünyasına böyük bir töhfədir.

Azərbaycanda din-dövlət münasibətləri çox yüksək səviyyədə inkişaf edir. Bunu daha da inkişaf etdirmək üçün Qafqaz Müsəlmanları İdarəsi çox iş görür, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, ictimai təşkilatlar və dini konfessiyalarla birlikdə ölkəmizin daxilində və xaricdə tez-tez ictimaiyyətlə görüşlər keçirir, məbədlərdə olur, Azərbaycan reallığını, Azərbaycanın birgəyaşayış həyat tərzini onlara təlqin edir.

Biz deyəndə ki, Azərbaycanda sünnilər və şiələr bir məsciddə namaz qılır, bir vaxtda azan verir, eyni vaxtda bayram edir, yaxud da yəhudilər məsciddə, kilsədə, xristianlar sinaqoqda, müsəlmanlar digər dinlərin məbədlərində ola bilir, - yəni, biz həmişə birlikdəyik, - bəzən buna inanmaq istəmirlər, təəccüblənirlər. Yüz illik konstitusiyası olan dövlətlər belə bu məsələdə acizdirlər. Bu, bizim həyatımızın reallığıdır.

Zati-aliləri, Siz həmişə çıxışlarınızda deyirsiniz ki, Azərbaycanda dinlər arasında dialoq, tolerantlıq adi həyat tərzidir. Bu, həqiqətən belədir. Biz başqa dövlətlərə baxanda bunun əksini görürük.

Zati-aliləri, Siz Respublika Günü münasibətilə keçirilən mərasimdə çıxış edərkən söylədiniz ki, Azərbaycan heç zaman bu qədər güclü olmamışdır. Bu, həqiqətən də belədir. Azərbaycan öz ordusu, öz mədəniyyəti, öz tarixi, öz dövlətçiliyi, öz lideri ilə həqiqətən də qüvvətlidir. Amma bəzi dövlət rəhbərləri və dövlətlər bunu həzm edə bilmir, gözləri götürmür. Ona görə də Azərbaycana qarşı qarayaxma kampaniyası aparır, bəzən də ölkəmizdə iğtişaş yaratmaq istəyirlər. Ancaq buna nail ola bilməyəcəklər. Çünki Azərbaycanda yaşayan hər bir vətəndaş dinindən, dilindən asılı olmayaraq, Ulu Öndərin təbiri ilə desək, özünün azərbaycanlı olması ilə fəxr edir.

Allah-Taala haqqın tərəfdarıdır və haqqı istəyir. Ona görə də Allah-Taala “Qurani-Şərif”də buyurur ki, bir insanı mən ucaltdımmı və bir haqq çırağını yandırdımmı, onu heç bir qara əllər, qara qüvvələr söndürə və yıxa bilməz.

Zati-aliləri, Siz Azərbaycan üçün, Vətənin gələcəyi üçün çox böyük işlər görürsünüz. Mən inanıram ki, inşallah, hələ Sizin gələcəkdə müzəffər işləriniz çox olacaq. Allah-Taalanın nəzəri həmişə Sizin üstünüzdədir. Xalqın məhəbbəti həmişə Sizinlədir.

Mən istərdim, Mehriban xanıma təşəkkürümü bildirəm. Bu yaxınlarda amnistiya ilə bağlı Milli Məclisə müraciət etmiş və bu barədə qərar qəbul olunmuşdur. Bu, çox savab işdir. Bunun Ramazan ayına təsadüf etməsi daha çox savabdır. Ona görə də mən Allah-Taaladan Mehriban xanıma, ailəsinə səadət arzu edirəm.

Zati-aliləri, Sizin konfessiyalara qayğıkeş münasibətinizi, dini lider kimi mənə olan ehtiramınızı və etimadınızı çox yüksək qiymətləndirir və dəyərləndirirəm. Onu da demək istəyirəm ki, Zati-aliləri, Sizin şəxsimə olan qardaşlıq, dostluq münasibətiniz Ulu Öndərin bünövrəsini qoyduğu ikitərəfli iman və inam üstündə qurulub. Bu da dövlətçiliyimizin yüksəlişinin, dövlət-din və dövlət-dindar münasibətlərinin təsdiqidir.

Bu gün Azərbaycanda tolerantlıq yüksək səviyyədə inkişaf edir. Əgər biz bu gün bu mərasimə nəzər salsaq görərik ki, Azərbaycanda dövlət-din, mənəviyyat və mədəniyyət münasibətləri birlikdə inkişaf edir. Budur dövlət rəhbərimizin siyasəti, budur bizim dediyimiz multikulturalizm modeli.

Zati-aliləri, Sizin hörmətiniz təkcə Azərbaycanda deyil, dünyada hər gün artmaqdadır. Dünyada tanınmış bir dərginin bu yaxınlarda Sizi “İlin adamı” elan etməsi bunun bariz nümunəsidir. İcazə verin, burada əyləşənlər adından Sizi bu mükafat münasibətilə təbrik edək.

Zati-aliləri, Sizin Almaniyaya səfəriniz çox böyük bir tarixi səfər oldu. Bundestaq görüşündən imtina etməyiniz bilavasitə Sizin müstəqil siyasətinizin nəticəsi, yüksəlişi və şəxsiyyətinizin ucalığıdır. Siz nə qədər ucalırsınızsa, Azərbaycan xalqı da Sizinlə o qədər ucalır. Bütün türk xalqı Sizinlə ucalır, fəxr edir. Bütün Azərbaycan xalqı Sizinlə fəxr edir. Mən bir şeyxülislam kimi fəxr edirəm ki, Siz mənim Prezidentimsiniz. Əgər bu gün qardaşım ulu öndər Heydər Əliyev həzrətləri və anamız Zərifə xanım burada olsaydılar, onlar hamıdan çox fəxr edərdilər. Biz hamımız Sizinlə fəxr edirik.

Allah-Taaladan Azərbaycan xalqına xoşbəxtlik arzulayır, qarşıdan gələn Ramazan bayramlarını bir daha təbrik edirəm. Burada diplomatik korpusun nümayəndələri iştirak edirlər. Onlara “Xoş gəlmisiniz!” deyirəm. Onlardan xahiş edirəm ki, mənim salam-dualarımı öz xalqlarına və dövlət rəhbərlərinə çatdırsınlar.

Zati-aliləri, mən Sizə, ailənizə səadət, gələcək işlərinizdə zəfərlər arzu edirəm. Allah-Taala ölkəmizi qorusun! Allah-Taala Prezidentimizi qorusun! Əssalamu-aleykum və rəhmətullahi və bərəkətuhu!

X X X

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri ALEKSANDR dedi:

-Hörmətli cənab Prezident.

Möhtərəm şeyx həzrətləri.

Hörmətli xanımlar və cənablar.

Bugünkü mərasimin şəkilləri kütləvi informasiya vasitələrində dərc olunanda, yaxud onun haqqında televiziya ilə veriliş göstəriləndə bir çoxları düşünəcəklər ki, bu, 2016-cı il “Multikulturalizm ili”nə həsr olunmuş xüsusi qəbuldur. Əlbəttə, bu, təntənəli qəbuldur, iftardır. Buna baxmayaraq bu, Azərbaycanda ötən il də, beş il, on il əvvəl də bu gözəl məclisdə iştirak etmək üçün din xadimlərinin, Milli Məclisin deputatlarının, hökumət üzvlərinin, ölkənin tanınmış insanlarının cənab Prezidentlə, Qafqaz müsəlmanlarının rəhbəri ilə bir yerə toplaşdıqları ənənəvi qəbul, ənənəvi iftardır.

Həqiqətən də multikulturalizm Azərbaycan xalqının mentalitetinin səciyyəvi cəhəti və Azərbaycan dövlətinin daxili siyasətinin xüsusi istiqamətidir. Yəqin ki, XX əsrin sonlarında multikulturalizmin dövlətlərin və xalqların həyatında ciddi əhəmiyyəti barədə heç kəs düşünməyib. Uzaqgörən ümummilli lider Heydər Əliyev Azərbaycanın gələcək taleyi barədə düşünərkən ölkənin əsas möhkəmləndirici cəhətini multikulturalizmdə görürdü. O, “Çoxmillətlilik bizim sərvətimizdir” sözlərini təsadüfən deməyib. Artıq XXI əsrdə tam aydın oldu ki, multikulturalizmə söykənmək nə dərəcədə düzgündür.

Hələ XX əsrdə ağla gəlməyən XXI əsrdə özünü çox qabarıq surətdə göstərməyə başladı. Bunlar ksenofobiya, dini dözümsüzlük, dinlərarası münaqişələr kimi mənfi cəhətlərdir. Təəssüf ki, bütün bunlar dünya birliyinin həyatının təzahürünə çevrildi. Hətta insanların birliyinə, qarşılıqlı anlaşmasına, dinc yanaşı yaşamasına yönələn hadisələr, məsələn, idman yarışları dərin millətlərarası münaqişələrə çevrilir, belə idman tədbirlərinin təşkilatçılarına çətinliklər yaradır. Ona görə də Azərbaycanın seçdiyi məxsusi yol zəmanəmizdə baş verənlər nöqteyi-nəzərindən öz əhəmiyyətini və vacibliyini bir daha təsdiq edir. Cənab Prezident, multikulturalizm amilinə xüsusi diqqət yetirdiyinizə görə ölkəmizin rəhbərliyinə və şəxsən Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Təsadüfi deyil ki, artıq ölkəmizdə müntəzəm olaraq konqreslər, sivilizasiyalararası alyanslar keçirilir. Təsadüfi deyil ki, ölkəmizdə dinlərarası forum keçirilib. Təsadüfi deyil ki, ölkəmizdə təkcə din xadimlərinin deyil, həm də bütün dünyadan mədəniyyət xadimlərinin görüşləri keçirilir. Təsadüfi deyil ki, Böyük İpək Yolunun dirçəldilməsi məsələsinə məhz ölkəmizdə xüsusi diqqət yetirilir. Bu, istər iqtisadi və siyasi, istərsə də mədəni və millətlərarası planda insanların bir-biri ilə ünsiyyət saxlamasına imkan verəcək.

Bugünkü iftar süfrəsindən istifadə edərək bütün Azərbaycan xalqını, bütün dünya müsəlmanlarını Ramazan ayı münasibətilə təbrik etmək, onlara uğurlar arzulamaq, diqqətlərini İslamın əsas dəyərlərinə cəlb etmək istəyirəm ki, bu dəyərlər insanlar arasında quruculuğa və qarşılıqlı anlaşmaya xidmət etsin. Əlbəttə, bütün Azərbaycan xalqına sülh və firavanlıq, dövlətə isə öz mövqelərini möhkəmləndirməyi arzu edirəm. Azərbaycan xalqına və Azərbaycan dövlətinə qarşıya qoyduğu məqsədlərə nail olmağı diləyirəm.

Cənab Prezident, icazə verin, Sizə cansağlığı və yenilməz qüvvə arzu edim. Sizə xalqımızın və ölkəmizin həyatında baş verən sınaqlardan rəşadətlə çıxıb qalib gəlməyi, bu müddətdə, bizim yüzillikdə qazanılan heyrətamiz uğurlara təkrar-təkrar nail olmağı arzu edirəm.

X X X


Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix YEVDAYEV dedi:

-Möhtərəm Prezident.

Şeyx həzrətləri.

Əziz qonaqlar.

Müqəddəs Ramazan ayı haqqında çox deyilib. Mən bircə məqama toxunmaq istərdim ki, səmavi dinlərin bütün müqəddəs kitabları məhz Ramazan ayında nazil olub. Biz bu ayın 12-də müqəddəs “Tövrat”ın Musa Peyğəmbərə nazil olduğunu böyük təntənə ilə qeyd etdik.

Şeyx həzrətləri, ürəyinizin genişliyi, qəlbinizin hərarəti ilə, xüsusi incəliklə təşkil etdiyiniz bu iftar süfrələri Azərbaycan xalqının tarixinə yazılacaq və gələcək nəsillərə yadigardır.

Min il bizdən sonra gələn nəsillər,

Gəlmişik, getmişik, nə biləcəklər?

Yadigar qalmasa onlara bizdən,

Biz nələr etmişik, nə biləcəklər?

Ən böyük yadigar, Allah qəni-qəni rəhmət eləsin Ulu Öndərə, onun şah əsəri olan çağdaş müstəqil Azərbaycan dövlətidir. İnanın Allaha ki, çox dövlətlər müstəqillik qazanıblar, amma dövlət özü müstəqil ola bilməyib. Bizim dövlətimiz isə müstəqildir, əsrlər keçəcək qədirbilən xalqımız həmişə Ulu Öndərə minnətdar olub, ona rəhmət diləyəcək.

Yarat bir əsər ki, adın ucalsın,

Sən köçüb getsən də, yerində qalsın.

Möhtərəm Prezident, bugünkü Azərbaycana, bugünkü əmin-amanlığa, bugünkü gücə, qüdrətə görə Sizə minnətdarıq. Dövlətlər içərisində öz yeri, öz dəst-xətti olan Azərbaycana görə Sizə minnətdarıq. Ona görə də, möhtərəm Prezident:

Xalqların yaşayır indi dinc, rahat,

Yaşayış yüksəlir hər gün, hər saat.

Xalqınçün daim yaşa, qur, yarat,

Dərin minnətdarıq Prezident, Sizə.

Şeyx həzrətləri, Xudavəndi-Aləm Məhəmməd Peyğəmbərə müqəddəs “Qurani-Kərim”i nazil edəndə soruşur, ey mənim Rəsulum, məndən daha bir istəyin varmı? Məhəmməd Peyğəmbər cavab verir ki, Xudavəndi-Aləm, sən bizə hər şeyi verdin – görməyə göz, sevməyə ürək, yaşamağa ağıl. Bircə təvəqqem var, ürəyimi geniş elə ki, bütün insanları qəlbimə sıxa bilim.

Möhtərəm Prezident, mən əminəm ki, Sizin səma kimi geniş ürəyiniz var. Geniş ürəyinizdə Azərbaycan xalqı ilə birlikdə Azərbaycanda yaşayan bütün xalqların öz yeri var və Siz qəlbinizin hərarəti ilə bizi həmişə qızdırmağa hazırsınız.

Əziz qonaqlar, Sizi bir daha təbrik edirəm. Allah-Taala Azərbaycana bütün arzularına çatmağı nəsib etsin.

Budur, Allahımdan umduğum murad,

Elimi şən görüm, obamı azad.

Dostlarım gülərüz, qonşularım şad,

Şair də murada yetsə, nə dərdim?!

Allah amanında.

X X X

Roma Katolik Kilsəsinin ordinarisi Vladimir FEKETE dedi:

-Zati-aliləri, hörmətli cənab Prezident.

Şeyx həzrətləri.

Hörmətli xanımlar və cənablar, mərasim iştirakçıları.

Qonaqpərvər ev sahibi şeyx həzrətlərinin ənənəvi olaraq öz iqamətgahında təşkil etdiyi bu iftar mərasimində iştirak etdiyimə görə böyük fərəh hissi keçirirəm. Göstərdiyiniz həyat örnəyinə və yaratdığınız bu imkana görə çox sağ olun.

Müqəddəs Ramazan ayı müsəlmanların həm şəxsi, həm də ictimai həyatında çox mühüm aydır. Dindarların tutduqları oruc, etdikləri dua və gördükləri xeyirxah əməllər insanın şəxsi həyatını daha da zənginləşdirir. Eyni zamanda, bu cür iftar süfrələrinin təşkili cəmiyyəti bir araya gətirir. Biz buraya böyük bir ailə kimi toplaşmışıq. Siyasi xadimlər, din xadimləri, mədəniyyət adamları, ictimaiyyətin nümayəndələri, deputatlar – indi biz hamımız gözəl örnəyik, çünki möhtərəm şeyxin dəvətilə bir yerdə çörək kəsib, söhbət edib, Uca Tanrının bizə bəxş etdiyi həyata sevinirik.

Allah-Taala insanın xaliqidir. O, ədalətli və rəhimlidir. Müsəlmanlar belə bir həqiqəti xristianlarla bölüşürlər ki, Allah insanı sevir. Allah istəyir ki, biz bütün dünyada vahid ailə yaratmağa çalışaq və bir ailə kimi olaq. Əminəm ki, dünyada baş verən bütün pisliklər yox olmalıdır və Azərbaycanın nümunəsi bütün dünyaya parlaq örnəkdir. Çünki biz, müxtəlif xalqların, müxtəlif dinlərin nümayəndələri bir-birimizə ehtiramla yanaşa, ünsiyyət saxlaya və bu yolla ictimai və mənəvi həyatımızı möhkəmləndirə bilirik.

Roma Papası Fransisk hər il Ramazan münasibətilə bütün dünya müsəlmanlarına müraciət ünvanlayır. Möhtərəm şeyxülislam Allahşükür Paşazadə, bu müraciəti sizə və sizin şəxsinizdə bütün qardaşlarımıza - Azərbaycan müsəlmanlarına çatdıra bilməyim mənim üçün böyük sevincdir.

Qoy Allah xeyir-duasını bu ölkədən əsirgəməsin. Qoy bu ölkə burada yaşayan bütün insanların səadəti naminə dünyaya parlaq nümunə kimi çiçəklənsin. Çox sağ olun.

X X X

Ordinari Vladimir Fekete Roma Papası Fransiskin müraciətini Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəyə təqdim etdi.

X X X

Sonra dövlətimizin başçısı mərasimdə nitq söylədi.
Diaspora