“Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi”

“Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi” backend

“Məni burada qoyun, yaralı giziri çıxarın!” - əmrini verdi... Qan dayanmırdı. İki yerdən aldığı güllə yarası onu incitsə də, qanı durdurmaq mümkün olmasa da, əsgərlərin onu güllə yağışı altından çıxarmasına imkan vermirdi. Əmr qəti idi. Əsgərlər komandirin əmrini yerinə yetirməli idilər. Digər yaralı giziri döyüş meydanından çıxarıb hospitala çatdırmalı idilər. O biri yaralını atəş altından çıxarıb apardılar...

...Samit isə yaxınlıqdakı kolluğa tərəf sürünürdü...Ayağından və çiynindən aldığı güllə yarası ona sürünməyə çətinlik yaradırdı. Atışma getdikcə güclənirdi. Hər iki tərəfdən ağır artilleriya işləyirdi. Başının üstündən uçan güllələrin vıyıltısı qulaqlarını batırırdı. Amma o düşmən əlinə keçməli deyildi. Var-gücünü toplayıb kolluğa çatdı. Dönüb gəldiyi yerə baxanda ayağından aldığı güllə yarasından axan isti qanın yerdə iz saldığını gördü. Bir-iki yerdə qan göllənmişdi. Bədənindən axan qan isə hərbi geyimini isladırdı. Kürəyini kolluğa söykədi. Digər ayağı ilə qanı torpaqla örtməyə cəhd etdi. Üzərindəki qumbaranı kəmərindən çıxararaq əlində bərk –bərk sıxdı. Mənfur erməni əsgərlərindən yaxınlaşan olsaydı, qumbaranı partladacaqdı. Amma... nə erməni yaxınlaşdı, nə qumbara partladı... Qan dayanmırdı. Axıb-axıb onu da özüylə apardı. Gözlərini yumub qumbaranı sinəsinə sıxmış vəziyyətdə qaldı. Bir daha açmadı gözlərini...



...Ərazidən uzaqlaşan qrup təhlükəli olmasına baxmayaraq, tez bir zamanda yenidən ora qayıdıb yaralı komandiri axtarmağa başladıllar. Amma onu qoyub getdikləri yerdə tapa bilmirdilər. Gecədən səhərə qədər axtarışlar nəticə vermədi. Cəsur komandirin igid əsgərləri yaralı komandiri döyüş meydanında qoyub getmək istəmirdilər. Onlar həyatlarını riskə ataraq günorta, döyüş gedə-gedə ərazini yenidən axtarmağa başladılar. Bir kolluqda komandirin cansız bədəni ilə qarşılaşdılar. Ətrafda qan göllənmişdi. Əsgərlər komandirin huşunu itirdiyini düşünüb onu özünə gətirməyə cəhd edirdilər. Barmaqları arasında sıxılıb qalmış qumbaranı görəndə başa düşdülər ki, igid mayor Samit İmanov gözlərini canından artıq sevdiyi vətəni, milləti üçün birdəfəlik yumub.



Mayor İmanov Samit Gülağa oğlu - 1981-ci ildə Kürün Xəzərlə qovuşduğu Neftcala rayonunun Həsənabad qəsəbəsində dünyaya göz açıb. 1998-ci ildə Neftçala rayonunun 1 saylı orta məktəbini bitirərək Ali Hərbi Məktəbə daxil olub. 2003-ci ildə Ali Hərbi Məktəbi fərqlənmə diplomu ilə bitirib.



Şəhid zabitimiz Türkiyə Cümruhiyyətində “Daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası”, “Komando təlimi və paraşütdən sərbəst atlamaq” kurslarında, habelə “Anadolu-2007″, “Anadolu Qartalı -2007″ birgə taktiki təlimlərində, Pakistanda “Ləpirçi və antiterrorist” kurslarında, İsveçrə krallığında “Dağ təlimi” kursunda, Rumıniya Respublikasında “Dağa dırmanma üzrə təlimatçı” kursunda iştirak edib.



Mayor Samit İmanov 2004-cü ilin iyun ayından xüsusi təyinatlı hərbi hissədə qrup komandirinin müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini vəzifələrində çalışıb.
Qısa xidməti müddətində 6 medalla təltif olunan azsaylı hərbçilərdən olub.



2014-ci il avqust ayında erməni təxribatının qarşısını almaq ücün Samit İmanovun dəstəsi əməliyyat keçirərək 20-yə yaxın ermənini məhv edərək geriyə qayıtmışdı. Elə həmin vaxtdan da onun dəstəsinin qəhrəmanlığı əsgərlər arasında dillər əzbəri olmuşdu.

Aprel döyüşü –son döyüş

2016-ci il aprelin 3-dən 4-nə keçən gecə ömrünü vətənə, millətinə həsr etmiş zabitimizin son döyüşü oldu.

Mayor Samit İmanovun və onun komandiri, şəhid polkovnik-leytenant Murad Mirzəyevin başçılıq etdiyi qruplar düşmən təxribatlarının qarşısını almaq üçün komandanlığın əmrinə əsasən Talış yüksəkliklərindəki erməni postlarını darmadağın etdilər, onlarla düşmən əsgəri məhv edildi.

Atışmada qəhrəman zabitimiz çiynindən və ayağından yaralanır. Məhz Samit İmanov kimi igidlərimizin sayəsində bu gün Talış yüksəkliyində Azərbaycan bayrağı dalğalanır.

İgid şəhidimiz bu gün Neftçala Şəhidlər Xiyabanında uyuyur. Məzarı ziyarətgaha çevrilib.



Samit bu gün aramızda olmasa da onun yetişdirdiyi oğullar yağı düşməndən şəhid qardaşlarımızın qisasını alacaq.

Şəhid Samit İmanovun dəfn mərasimi də böyük izdihamla müşayiət olundu. Dəfn mərasimində Müdafiə Nazirliyinin əsgər və zabitləri, rəsmi dövlət qurumlarının təmsilçiləri və minlərlə Neftçala və ətraf rayonların sakinləri iştirak edirdi. Nəinki bütün Neftçala sakinləri, qonşu rayonlardan gələn geniş ictimaiyyət nümayəndələri də şəhidimizin son mənzilə yola salınmasında iştirak edirdilər. Məzarı Azərbaycan bayrağına və qərənfil güllərinə bürünüb. Dəfn olunarkən yaylım atəşi açıldı.



Özündən sonra iki övladı qaldı…

Ölümündən sonra Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan tərəfindən Samit İmanova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.



Samit İmanov elə bir igidlik göstərdi ki, elə bir nümunə qoyub getdi ki, özündən sonra gələn gənc nəsillərin yaddaşından uzun zaman silinməyəcək. Bu gün azyaşlı məktəblilər tez-tez şəhidimizin məzarını ziyarət edirlər. Onların gözü qarşısında bir igidin qəhrəmanlıq salnaməsi durur. Bəlkə də bu azyaşlı məktəblilər böyüyəndə İgidimizin qəhrəmanlığından poemalar, romanlar yazacaq, filmlər çəkəcəklər…

Belə oğulları olan Vətən basılmaz. Mərdlik, qəhrəmanlıq salnaməsi məhz belə igid Vətən oğullarının hesabına yaranır. Az ömür yaşasa da, Samit maraqlı həyat yolu keçdi, ölümü də gözəl oldu. Bir çoxlarından çox fərqli…Vətən uğrunda şəhid olmaq hər kəsə nəsib olmur ki…Seçilmişlərə qismət olur ancaq. Samit də seçilmiş idi. Böyük adamların ölümü də böyük olur. Samit də öz böyüklüyünü belə sübut etdi.



Özünün qanı axsa da, əsgərləri digər yaralı giziri çıxarmağa göndərdi. Belə böyük ürək sahiblərinə indi rast gəlmək çox çətindir. Bəlkə də heç mümkün deyil. Amma Samit ölüm ayağında İnsanlığın gözəl üzünü göstərdi. Ölümündən cəmi bir neçə saat əvvəl bir canı, bir insanı ölümdən qurtardı. Elə burada da o bəşəriyyətin fövqünə qalxdı. Kimsə deməsin ki, mən də elə edərdim. Xeyr. Onun üçün ürək lazım idi. Başqasının ölümünü özünkünə dəyişmək… Bax, bunu hər kəs bacarmazdı…



Samit İmanovu dünyaya gətirən Anaya halal olsun deyirəm. Onu tərbiyə edib böyüdən Ataya sağ olsun deyirəm. Çünki, Samitə halal çörək yediriblər. Ona hər şeydən əvvəl gözəl İnsan olmağı öyrədiblər. Yüksək tərbiyə veriblər.

Qohumları Samitin ədəb-ərkanından, böyük-kiçik yeri bilməsindən, az danışıb, çox iş görən olmasından danışır. Bu gün Samitin ailəsində böyüyən iki balası onun ömrünün qalan hissəsini yaşayacaq. Allah şəhidimizə rəhmət eləsin.

“ONUR BAŞKANI” MURAD MİRZƏYEV



...Hamı onu susqun, azdanışan, qapalı bir insan kimi tanıyırdı. Yaxınlarından başqa onu tanımayanların yanında qəti bildirməzdi hərbi sahədə çalışdığını... Daha çox özünü mülki sahənin işçisi kimi göstərirdi. Bu rəftarı onu tanıyanlarda təəccüb doğursa da, Murad Mirzəyevin bir hərbçinin sirr saxlayan olmasını sözdə deyil, əməldə həyata keçiriməsi digərləri üçün bir örnək idi.



2004-cü ildə ailə qurub Murad Mirzəyev. Həyat yoldaşı, Fizzə xanıma Murad haqqında deyibmişlər ki, hərbçidir, kobud olacaq. Amma Murad tamam başqa bir insan idi. Sadə, təmkinli....

...Aprelin 2-də axşamüstü Fizzə xanımla əlaqə saxlayır. Bircə kəlmə "salamatam" deyir. Ayın 3-də həyat yoldaşı onunla yenidən əlaqə saxlamağa cəhd edir. Amma alınmır. Aprelin 4-də xəbər gəlir ki, vəziyyət gərgin olduğundan, Muradgilin dəstəsi ilə əlaqə kəsilib... Həmin gün başqa bir zabitin həyat yoldaşı zəng edərək Fizzə xanıma başsağlığı verir...Aldığı xəbərdən şok olan qadın buna inanmır. Geri dönəcək deyə Muradın yolunu gözləyir... Amma...



Aprelin 10-da şəhid Murad Mirzəyevin cənazəsini Gəncəyə gətirirlər. “İstəyirəm ki, ataları uşaqların yaddaşında canlı kimi qalsın” - deyən həyat yoldaşı igid komandirin cənazəsini uşaqlara göstərmir... Bu, çox böyük əzm tələb edir. Lakin sevdiyini, ömür-gün yoldaşını, uşaqlarının atasını son mənzilə yola salan qadın bunu böyük hünərlə uşaqlardan gizlətməyə çalışır.



...Təbiəti çox sevirdi Murad. Buna görə tez-tez ailəsini təbiət qoynuna apararmış. İşini də, əsgərlərini də çox sevirmiş. İstəmirmiş ki, onların başından bir tük əskik olsun. İşi ilə əlaqədar dünyanın müxtəlif ölkələrinə səfərlər etmişdi. Halal insan kimi tanınırdı.
Milli Qəhrəman uşaqlarını onların öz istədikləri peşədə görmək istəyirdi. O, hərbini seçəndə atası etiraz eləsə də, özü qərarını verir. Bir dəfə oğlu Nurlandan soruşanda ki, hansı peşəni seçəcəksən? Oğlu deyib: “Ata, mən hələ adam olmaq istəyirəm”. Oğlunun dilindən bu sözü eşitmək onu qürurlandırmışdı. Oğlunun idmanla məşğul olması Muradın arzularından biri idi.



Murad Telman oğlu Mirzəyev - 1976-cı ildə Sabirabad rayonunun Muğangəncəli kəndində anadan olub. 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi (Ankara Kara Harp Akademiyasını) bitirib. Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl tərəfindən “Qılınc” mükafatı ilə təltif olunub. ABŞ, Ruminya, İordaniya kimi ölkələrdə təlimlər keçib. ABŞ-da kurs keçmişdi... Milli Ordunun ən peşəkar və yüksək hazırlıqlı zabitlərindən olub.



4 günlük aprel döyüşlərində düşmənlə ağır döyüşdə qəhrəmancasına həlak olub.



Sağlığında əyninə geydiyi uniforma haqqında bunu deyərmiş Murad Mirzəyev: “O forma bizim uniformamızdır, onun üstündə şəhidlərimizin qanı, Azərbaycanın bayrağı və mənəvi dəyərlərimiz var. O forma adi iş görülərkən geyiləcək, ucuzlaşdırılacaq forma deyil”.

Ailəsinə həddən ziyadə bağlı, çox sadiq bir ailə başçısı olub. Özündən sonra bir oğlu Nurlan və qızı Dəniz yadigar qaldı.



Bacanağının mediada yazdığına görə, Murad Mirzəyevin dəfnində iştirak edən Türkiyədən gəlmiş tələbə yoldaşları onun haqqında danışarkən bunu demişdilər: “Murad bizim təhsil aldığımız dövrdə istər yerli tələbələr, istərsə də əcnəbi tələbələr arasında 600 nəfər arasından birinci seçilmiş, “Onur Başkanı” elan edilmişdi.



Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyev göstərdiyi igidliyə görə, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb.



Müdafiə naziri, general-polkovnik Zakir Həsənov "Azərbaycanın Milli Qəhrəmanı" adının vəsiqəsini polkovnik-leytenant Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyevaya təqdim edib və "Qızıl Ulduz" medalını şəhidin yeddi yaşlı oğlu Nurlanın yaxasına sancıb.



Allah şəhidlərimizə rəhmət eləsin!

Sevda Elay (Əsgərova)

Yazı Azərbaycan Mətbuat Şurasının və Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi ilə birlikdə “Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur”.