Azərbaycan ta qədimlərdən turistlərin diqqətini özünə cəlb edən ölkələrdən olub. Böyük İpək Yolu ilə hərəkət edən karvanlar (e.ə. II əsrdən başlayaraq) məhz bizim ölkəmizdən keçmişdir. Çinlə Ön Asiya arasında olan böyük bir ərazi Hun İmperiyasının nəzarəti altına keçdiyindən sabit ticarət əlaqələri üçün yaxşı şərait yaranmışdı. Eyni zamanda, ticarətlə bərabər turistik səfərlər geniş vüsət alırdı.
Dünyada ilk kütləvi turlar...Dünyada kütləvi turizmin ilk təşkilatçısı ingilis Tomas Kuk adlı şəxs hesab olunur. O, hələ 1841-ci ildə Lankasterdən Dolnqboruqa qədər dəmir yolu ilə 570 nəfərin kütləvi gəzintisini təşkil etmişdir. Bu hadisə ilə Tomas Kuk müasir turizmin əsasını qoymuşdur. O, həmçinin 1847-ci ildə səyahət və ekskursiyalar cəmiyyəti yaratmış, bir qrup zəngin ingilis vətəndaşlarının Aralıq dənizində səyahətini təşkil etmişdir.

Foto:İçərişəhər
XIX əsrin sonunda Tомас Kuk tərəfindən yaradılmış bu cəmiyyət 53 ölkədə fəaliyyət göstərən və 324 şöbəsi olan möhtəşəm bir konsernə çevrilmişdir. Həmin konsernin 12 min əməkdaşı olmuşdur. Amerikanlar da ingilislərdən geridə qalmamış, turizm ilə məşğul olan «Amekso» adlı şirkət yaratmışlar. 1918-ci ildə bu şirkətin firmaları bütün qitələri əhatə etmişdir. 1869-cu ildə Avropada Beynəlxalq Mehmanxana işçiləri Assosiasiyası yaradılmışdır. Bu Assosiasiya 1921-ci ildə Beynəlxalq Mehmanxana İttifaqı ilə birləşdirilmişdir. Təbii ki, bu ənənə get-gedə inkişaf edərək bütün dünyaya yayılmışdır.

Foto: İçərişəhər
Turizmi əsasən 3 istiqamət üzrə təsnifatlaşdırmaq olar:
1. Təhsil məqsədilə edilən səyahətlər ; görkəmli adamlarla görüşlər , tarixi mədəniyyət abidələri , qədim şəhərlər , incəsənət əsərləri ilə tanışlıq;
2. Keçmişin ictimai həyatı ilə bağlı olan dini mədəniyyət ocaqlarında ziyarətin təşkili;
3. İstirahət və sağlamlıq , idman mərkəzlərində səyahətin təşkil olunması.
Ayrı-ayrı ölkələrdə turizmin sosial-iqtisadi və kulturoloji əhəmiyyətini qiymətləndirərək onun uzun müddətli inkişaf proqramını işləyib hazırlamışlar. Məsələn, Fransada hələ 1960-cı illərdən turizmin inkişaf proqramı hazırlanmış, 1967-ci ildə dövlət müxtəlif iş adamlarını da bu proqramın realizə olunmasına cəlb etmişdir. Bütün çimərliklər texniki təchizatla təmin olunmuş, turistlərin istirahət və əyləncəsi üçün hər cür şərait yaradılmışdır.

Foto:Göygöl
Londonda birinci Beynəlxalq sənaye sərgisi keçirildi, ora təkcə Yorkşirdən 165 min tamaşaçı göndərilmişdi. 1856-cı ildə Tomas Kuk xaricə səyahətlər təşkil etməyə başlayır. İlk qrup Fransaya, Parisdə fəaliyyətə başlamış Beynəlxalq sərgiyə gedənlərdən təşkil edilmişdi.

Foto: Lahıc
XIX əsrin 70-ci illərində Avropaya gələn turistlərin böyük hissəsini ingilislər təşkil edirdi. XIX əsrin 60-cı illərindən başlayaraq İngiltərə və ABŞ arasında turizm inkişaf etməyə başlayır. İngiltərədən ABŞ-a, ABŞ-dan İngiltərəyə səyahətlərin təşkilində də T. Kukun əməyi əvəzedilməz idi. 1817-ci ildə Tomas Kuk ilk dövr-aləm səyahətini həyata keçirdi. Dəmir yol və gəmiçilik şirkətləri, mehmanxana və restoran sahibləri arasında müqavilələr bağlanır, tələbat diqqətlə öyrənilir, səyahət marşrutları və yerləşdirmə proqramları tərtib olunurdu.
3_1466085720.jpg)
Foto:Lahıc
Ölkəmizdə turizmin inkişafı
1999-cu ildə Prezident Heydər Əliyev tərəfindən 17 maddədən ibarət "Turizm haqqında qanun" qəbul olundu. Azərbaycanda müasir turizmin inkişafı üçün Prezident Heydər Əliyev tərəfindən təsdiq edilmiş «Azərbaycan Respublikasında 2002–2005-ci illərdə turizmin inkişafı üzrə Dövlət Proqramı», habelə «Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı» böyük əhəmiyyət kəsb etdi, onların həyata keçirilməsi zəngin infrastrukturun qurulması və ölkəmizin beynəlxalq turizm bazarına inteqrasiyasının təməlinin qoyulması üçün şərait yaratdı. Bakının daxili şəhəri olan «İçəri şəhər», Şirvanşahlar Sarayı, Qız qalası və habelə qayaüstü rəsmlər muzeyi «Qobustan» YUNESKO-nun dünya mədəni irsi siyahısına salındı. Digər bənzərsiz tarixi və arxeoloji abidələr də öz növbəsini gözləyir. Müxtəlif regionlarımızda 6 mindən artıq memarlıq və mədəniyyət abidələri qorunub saxlanır.

Foto: Lahıc
Bunun davamı olaraq Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin Turizm İli elan edilməsi və «Eurovision -2012» mahnı müsabiqəsinin, “Bakı-2015” 1-ci Avropa oyunlarının, “Formula-1 Avropa Qrand-Pri” idman yarışının Azərbaycanın paytaxtında keçirilməsi bütün dünyadan turistlərin ölkəmizə axışması üçün şərait yaratdı və ölkənin turizm sənayesinin inkişafına güclü təkan verdi. Tarixi və mədəni qoruqlar, xüsusi təyinatlı abidələrə gedən yollar təmir edildi, turist yol nişanları qoyuldu, «Şahdağ» turizm mərkəzinin tikintisi işləri sürətləndirildi, Şabran və Lahıc mədəni-tarixi qoruqlarında turist infrastrukturunun yaradılması işləri aparıldı. Bundan başqa, özündə turist zonaları, abidələr və ölkənin digər istiqamətlərini ehtiva edən GoMap naviqasiya sistemi layihəsi həyata keçirildi.

Foto: Lerik
Paytaxtda və digər turist zonalarında çoxlu miqdarda yüksək xidmət səviyyəsinə malik 550-dən çox mehmanxanalar tikilib.

Bunlara misal olaraq, Qafqaz mehmanxanalar şəbəkəsini, Qəbələ şəhərindəki Gabaland attraksionlar parkını, «Tufandağ» qış turizm kompleksini, Qusar rayonundakı möhtəşəm «Şahdağ» turizm mərkəzini, həm idmanla məşğul olmaq, həm də turistləri qəbul etmək üçün müvafiq infrastruktura malik 15-dən çox Olimpiya idman kompleksini və digərlərini göstərmək olar.

Foto: Qax-otel

Foto: Bakı şəhəri
Turizm sahəsində problemlər...
Ölkənin turizm sənayesinin üzləşdiyi başlıca problemlərdən biri də turizm xidmətlərinin səviyyəsinin artırılmasıdır. Bu məsələ Dövlət Proqramında da əksini tapıb. Prezident İlham Əliyevin 6 aprel 2010-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nda bu imkanların realizə edilməsi, qarşıdakı illərdə turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi üçün əhatəli tədbirlər planı əks olunub.

Foto: Qax
Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2014-cü il tarixli, 945 nömrəli Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində Azərbaycan Turizm və Menecment Universiteti yaradıldı. Bu universitetdə turizm sahəsi üzrə kadrların hazırlanması, təcrübə keçmək üçün başqa ölkələrə göndərilməsi və d. işlər həyata keçirilir.

Foto: Quba-Qırmızı qəsəbə
Bildiyimiz kimi, Prezident İlham Əliyev elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması haqqında fərman imzalayıb. Bütün bunlar ölkəyə turist axınının sürətlənməsinə hesablanmış addımlardır və alqışlanmalıdır.

Foto: Şahdağ
Dünyada turizmin tibbi, ekskursiya, idman, ekstremal, macəra, kənd turizmi kimi növləri var. Azərbaycan Mədəniyyət və Turzim Nazirliyinin məlumatına görə, ölkəmizdə 300-dək turizm şirkəti fəaliyyət göstərir. Bu şirkətlər şəhər turizmi, Böyük İpək Yolu turizmi, dini turizm, arxeoloji turizm, atçılıq turizmi, safari avto-tur, xalça turu, və s. turların maşrut xəttini müəyyən edən proqramlar hazırlayıb. Bundan əlavə, sosial şəbəkələrdə qarşımıza çıxan ailəvi turlar, dağ-xizək turizmi, ekoloji turlar, aktiv turlar, alpinist turları, baldadma turları və s. də son illərdə inkişaf etməkdədir. Turların təşkilində turistlərin yerləşdirilməsi ən prioritet məsələdir. Bu sahədə çoxlu fikirlər mövcuddur. Bəziləri hostelləri (bir neçə nəfərin yerləşdiyi ucuz, ümumi otaqlardır, əsasən tək səyahət edənlər üçün əlverişlidir) məqsədəuyğun hesab etsə də, dövlət nümayəndələri bunu ölkəmiz üçün əlverişli hesab etmir.

Foto: Quba
“Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkəyə gələn turistlərin yerləşməsi üçün apartamentlərin yaradılmasını daha məqsədəuyğun hesab edir və məsələ ilə bağlı müzakirələr aparmağı planlaşdırır”. Bu sözləri nazirliyin Turizm şöbəsinin müdiri Aydın İsmiyev mətbuat konfransında hostellərlə bağlı suala cavab verərkən bildirib. O deyib ki, “Bu cür pansionat tipli yerlər bizə görə deyil, orada ancaq gecələmək olar. Lakin apartamentlər daha yaxşı olar. Bütün dünyada apartamentlər, yəni mənzil tipli istirahət üçün nəzərdə tutulmuş yerlər daha geniş yayılıb. Bizdə çoxlu yeni tikilmiş binalar var ki, onlardan bu məqsədlə istifadə etmək olar. Onların sahəsi də böyükdür”.

Foto: Qax

Foto: Yardımlı
Ölkədaxili bölgələrə olan turlarda kənd evlərində turistlərin qonaqlanması nədənsə turizm şirkətləri tərəfindən az işlənmiş sahədir. Baxmayaraq ki, bu dünya təcrübəsində özünü doğruldan sahədir. Amma turist üçün daha münasib qiymətə başa gələn bu sahəni inkişaf etdirməklə həm yerli sakinlər evlərini münasib qiymətlərlə turistlərin ixtiyarına verib gəlir əldə edə bilərlər, həm də turistlərin büdcəsinə sərf edər.

Foto: Quba

Foto: Qəbələ -Tufandağ
Ölkəmizdəki turizm obyektlərinin əksəriyyəti mövsümi xarakter daşıyır. Yəni bölgələrdəki turizm obyektlərinin bir çoxu məhz yaz-yay aylarında aktiv fəaliyyət göstərir. Bu baxımdan, təkcə mövsümi deyil, ilboyu turların təşkili də inkişaf etdirilməlidir.

Foto: Qusar-Şahdağ

Foto: Şəki Xan Sarayı
Bundan əlavə, turizm şirkətlərinin saytlarına nəzər yetirdikdə xarici turların proqramına rast gəlmək mümkün deyil. Varsa da yalnız rus dilindədir. Məsələn, qonşu Türkiyə, Rusiya, Gürcüstanın turizm şirkətlərinin saytlarında turistlər üçün bir-birindən maraqlı tur proqramları təqdim edilir. Bizim turizm şirkətləri isə nədənsə buna xəsislik edirlər. Ya da hansısa avropa ölkəsinə turun proqramına baxdıqda, Rusiyanın hansısa turizm şirkətinin rus dilində tərtib etdiyi proqramla rastlaşırıq. Bu məsələyə diqqət yetirilsə yaxşı olar. Həmçinin, git bələdçilərin hazırlanması, istirahət məkanlarında xidməti personalın səviyyəsinin artırılması istiqamətində işlər görülməlidir. Bələdçilər 3 dildə sərbəst şəkildə turistlərin getdiyi tarixi abidələr, ekskursiya olunan məkanlar, şəhərlər, kəndlər haqqında məlumat verməyi bacarmalıdır. Canımızdan çox sevdiyimiz vətənimizə gələn turist qoy dolğun və xoş təəssüratla geri dönüb Azərbaycan haqda ağızdolusu danışsın, yazsın. Budur, bizim istəyimiz. Yəqin ki, yaxın illərdə buna nail olacağıq.
Sevda (Elay) Əsgərova
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının "Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur".