16 saylı cəzaçəkmə müəssisəsindən 5, 17 saylıdan isə 23 nəfər azadlığa buraxılıb

16 saylı cəzaçəkmə müəssisəsindən 5, 17 saylıdan isə 23 nəfər azadlığa buraxılıb backend

Milli Məclis tərəfindən qəbul edilmiş Amnistiya Aktının icrası davam edir. ANS PRESS-in məlumatına görə, artıq Ramana qəsəbəsi 16 saylı cəzaçəkmə müəssisəsindən 5 nəfər azadlığa çıxıb. Məhkumluqdan azad edilənlər aşağıdakılardır:

Aslanov Tahir Mütəllim oğlu
Allahverdizadə Teymur
Elşən Məmmədov
Ramin Məhərrəmov
Mirzəquliyev Sahib



Daha 23 nəfər isə 17 saylı cəzaçəkmə müəssisəsindən buraxılıb. Qadın məhkumların saxlandığı 4 saylı Cəzaçəkmə Müəssisəsində akt icra olunub. Amnistiya aktının şamil olunduğu məhkumlardan üçü azadlığa buraxılıb.



Mayın 20-də Milli Məclisin iclasında qəbul olunan amnistiya aktının icrasına başlanılıb. Amnistiya aktı parlamentə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva tərəfindən təqdim olunub.

Amnistiya aktı 10 min nəfərə şamil ediləcək. 10 min nəfərdən 3500 nəfəri azadlıqdan məhrumetmə yerlərindən azad edilirlər. Layihə 28 May – Respublika Günü münasibətilə qəbul edilib.



Amnistiya aktı layihəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazilərinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrum etmə cəzasından azad edilirlər.



Azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslər, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlar da amnistiya tətbiq edilməklə cəzadan azad olunacaqlar.