Nazirlik 204 əlili istirahətə göndərdi

Nazirlik 204 əlili istirahətə göndərdi backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 204 nəfər əlilliyi olan şəxs istirahət və sağlamlıq mərkəzlərinə yola salınıb.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti tərəfindən son bir neçə gündə 204 nəfər əlilliyi olan şəxs Lənkəran, Xaçmaz və Şəki rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərinə göndərilib.



Tədbir Nazirliyin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən təşkil olunur. Proqrama əsasən, bu il ərzində 1000 nəfərdən çox əlilliyi olan şəxsin yaz-yay mövsümündə istirahətinin təşkil edilməsi planlaşdırılıb. Cari ilin ötən dövründə onlardan artıq 459 nəfərinin Lənkəran, Xaçmaz və Şəki rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərinə göndərilməsi təmin edilib. Qeyd olunan vətəndaşlar istirahət və sağlamlıq mərkəzlərinə xüsusi nəqliyyat vasitəsi ilə aparılıb gətirilirlər.



İstirahətə yola salınan əlilliyi olan şəxslər sosial cəhətdən həssas qrupların rifah halının yaxşılaşdırılması üçün görülən işlərdən razılıqla söz açıblar. Onlar respublikanın füsunkar təbiətə malik bölgələrində istirahət etmələrinə şərait yaradıldığına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.