Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin fərdi uçot sistemində qeydiyyata alınması ölkə vətəndaşları kimi, onların da gələcəkdə layiqli pensiya təmina malik olmalarına şərait yaradır.
Əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi cari ilin may ayında da davam etdirilib. Son bir ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən daha 634 nəfər əcnəbiyə fərdi şəxsi hesab açılıb. Beləliklə də sistemdə qeydiyyatda olan xarici vətəndaşların sayı 30628 nəfərə çatıb. Onlardan 26 972 nəfəri (88.1 faiz) kişilərdən, 3 656 nəfəri (11.9 faiz) qadınlardan ibarətdir.Fərdi uçot sisteminin əhatə etdiyi əcnəbilər ümumilikdə 120 ölkəni təmsil edirlər. Onların arasında Тürkiyə (14 428 nəfər), Gürcüstan (3 132 nəfər) Rusiya (1 803) vətəndaşları daha çoxdur.
Sistemdə qeydiyyatda olan əcnəbilərin sayına görə sonrakı yerlər Hindistan (1 285), İran (1 016), Çin (891), Banqladeş (695), Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya (622), Pakistan (579), Ukrayna (509), Filippin (274), ABŞ (270), Almaniya (264), Qazaxıstan (236), Türkmənistan (225), İtaliya (208) və s. ölkələrin vətəndaşlarına aiddir.