Yəqin ki, çoxları hələ də istirahətə getməyib və tətilini harada keçirəcəyini düşünür. Bu istirahəti Transilvaniyada reallaşdırmaq əla fikir olardı. Transilvaniya Rumıniyanın şimal-qərbində yerləşən macar knyazlığıdır. Bura Rumıniyanın ən sehrli və mistik, Avropanın isə ən vəhşi və aztanınan hissəsidir. Transilvaniyaya «Vlad Drakulanın vətəni»də deyirlər. Elə buna görə də knyazlıq sirlərlə dolu məkanları ilə turistləri özünə cəlb edir. Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, Transilvaniya dağlar arasında gizlənən qəsəbələrlə, hələ də naməlum qalan mağaraları ilə zəngindir. Knyazlıqda düz 3 hava limanı var.
Yaşıl Karpat dağları ilə əhatə olunmuş Transilvaniya gözəlliyi ilə sizi heyran edəcək. Burada otellərin əksəriyyəti üçulduzludur. Əgər könlünüzdən dağ istirahəti keçirsə, dağətəyində yerləşən kiçik taxta evlərdə qala bilərsən. Sakit bir guşədə istirahət arzulayanlar isə meşə yaxınlığında olan otelləri seçsinlər. Heç bir avtomobil, avtobus, texniki vasitələr olmadan, səs-küysüz bir guşədəki istirahət, at belində gəzinti - lap qədim dövrləri xatırladacaq. Otellərdə hər bir şərait yüksək səviyyədə təşkil olunub.
Transilvaniyanın paytaxtı Braşov şəhəridir. Yazıçı Abraham Stokerin «Drakula» əsərini oxuyan yəqin ki, Transilvaniya haqqında bilir. Əfsanəyə görə, bura vəhşi, təhlükəli və qaniçən vampirlərlə dolu olan bir yerdir.
Gəzinti xəritən
Transilvaniya dəhşət filmlərini sevənlər üçün əsl tapıntı olacaq. Deyilənə görə, burada əsl vampir yaşayır. O, gündüzlər cansız bədən olur, gecələr isə küçələrə çıxır, insanların qanını içir. Məhz elə bu əfsanə də Transilvaniyanı dünyanın ən çox maraq doğuran yerlərindən birinə çevirib. İndi Transilvaniyada bu vampirləri özünə qəhrəman seçən adamlar da var. Onlar gecələr günahsız insanları öldürürlər. Transilvaniyalılar həmişə inanıblar ki, ruh insan ölmədən də bədəndən çıxıb, quş kimi uça, səyahət edə bilər.

Buranın hər addımında nağıllar aləmini xatırladan qəsrlərə, məbədlərə, muzeylərə, oxuyan qaraçılara, qotik üslublu divarlara rast gələcəksən. Transilvaniya səyahəti Braşovdan başlayır. Xizək sürmək istəyənlər Poyana Braşov istirahət mərkəzinə getsin. Gəzintinin ən maraqlı hissəsi «Karpatın mirvarisi» deyilən Peleş sarayını gəzmək olacaq. İlk baxışdan bu saray mistik, nağıllardakı şamanların qəsrini xatırladır. Karpat dağı arasında yerləşən sarayın dizaynı görənləri heyran edir. Hələ bu günə kimi heç bir sarayda belə mürəkkəb ornamentlər olmayıb. Burada zümrüd və çəhrayı otaqları mütləq gəz.
Vəhşi aləm vurğunları dağ yamacında yerləşən kiçik zooparka getsinlər. Bu zooparkda vəhşi ayıları görəcəksiz. Amma onlara toxunmağı ağlından belə keçirtmə. Çünki burada ayıların turistlərə hücum etməsinə çox rast gəlinib. Başqa vəhşi heyvanları görmək istəyənlərə Tımpa dağına getmələri məsləhətdir. Yolboyu çoxlu gəmirici və sincab görəcəksən.

Vampirlərlə görüş
Braşova gəlib, Rumıniyanın «vizit kartı» olan Bran qəsrini gəzməmək günah olar. Qəsrə gedən yolda qaraçılar kəndini də görəcəksən. Bura dəhşətli dərəcədə iyrənc bir yerdir.

Bran qəsri əsl mistik məkandır. Deyilənə görə, qəddarlığı ilə tanınan «Drakula» ləqəbi qazanan, vampir qraf Vlad Tepeş məhz bu qəsrdə yaşayıb. Elə buna görə deyirlər ki, indi qəsrdə vampirlər olur. Qəsrdə qədim dövrə aid olan silahlar saxlanılır. Qəsrə giriş 8 dollardır. Qəsrə girəndə adamı qəribə vahimə bürüyür. Sanki ətrafda əjdahanın nəfəsini hiss edirsən. Ən qorxulusu da odur ki, buranı gəzərkən hər an ətrafdan vampirlərin çıxacağından ehtiyat edirsən. Bu qəsrdə gəzən turistlər başlarına mistik hadisələr gəldiyini deyirlər: kimi orada çəkdirdiyi şəkillərin sonradan yoxa çıxdığından şikayətlənir, kimi də bədənlərinin hansısa bir yerində qan izi görür.

Transilvaniyanın ən gəzməli yerlərindən biri də Sibiudur. Sibiudakı açıq havadakı ASTRA muzeyinə heyran qalacaqsan. Sıx meşə içərisində yerləşən, ətrafı göllərlə əhatələnmiş bu muzey qədim Transilvaniyanı xatırladır. Burada sən qədim rumın evlərini gəzib, onların məşğuliyyətləri ilə tanış olacaqsan.

Qədim şəhər Sibiunun iki məşhur muzeyi Pyasa Mare və Pyasa Mikanı mütləq gəz. Sibiunun ətrafı 39 qədim qala ilə əhatə olunub.

Transilvaniya səyahətinin maraqlı hissəsindən biri də Siqişoara şəhərciyidir. Bura orta əsrləri xatırladır. Elə buna görə də şəhərcik YUNESKO tərəfindən qorunur. Bura çox vaxt «fərqli gözəlliklər rəsmi» də deyilir. Şəhərdəki rəngarəng kiçik evlər nağıllar aləmini xatırladır.
Transilvaniyanın ən məşhur turistik yerlərindən biri də gözəl dağ ətəyindəki göl ətrafında yerləşən Bels kəndidir. Deyilənə görə, Bels kəndinin sakinləri gölün sehrli suyundan içdiklərinə görə həmişə cavan və sağlam olurlar.

«Transilvaniyanın kiçik sirri» adlanan qədim Viskri məbədinə gəzinti uzun müddət yadından çıxmayacaq. Viskri duaların eşidildiyi, arzuların reallaşdığı məkandır. Yerli əhalənin dediyinə görə, burada nə arzu tutsan reallaşacaq. Məbəddə qoca qarıların hazırladığı alma şirəsinin də dadına bax. Turistlərə gecə məbəddə qalmaq da təklif olunur.
Qeyri-adi mağaraları gəzmək istəyən Albı-Yuli adlanan yerə getsin. Burada həm də Retezat Milli parkını gəzəcəksən. Transilvaniyanın ən görməli yerlərindən biri də Qara məbəddir. Qapqara divarları olan bu məbəd qorxu filmlərini xatırladır.
Duzlu mağara
Transilvaniyanın maraqlı və gözəlliklərlə dolu, qeyri-adi yerlərindən biri də Prayd şəhəridir. Prayd duzlu mağaraları ilə turistləri heyran edir. Deyilənə görə, Transilvaniyanın duz ehtiyatını məhz bu mağaralar ödəyirmiş. Nəfəs yollarında problemi və astması olanlar bu mağaraya getsin. Yerli əhalinin dediyinə görə, iki gün mağarada gəzən xəstə tamamilə sağalır.

Uzun gəzintidən sonra yorğunluğunu atmaq istəyənlərə Kovasna kəndinə getmək məsləhət görülür. Böyük kənd dağlar qoynunda yerləşir. Kəndin ən gözəl yeri «Klermon» istirahət mərkəzidir. Dağlarla qaranlıq meşə içərisində yerləşən bu istirahət mərkəzində hava qaralan kimi həyat sanki donur. Ən təmiz havanı burada ala bilərsən. İstirahət mərkəzinin ən gözəl xidməti müalicəvi hovuzlardır. Burada sən yerdən çıxan mineral suda çimib, bütün xəstəliklərindən qurtula bilərsən.


Transilvaniya qaraçıların vətəni hesab edilir. Şəhərdə gəzərkən ətrafda rəngbərəng qaraçı libasları geyinmiş kişiləri və qadınları görəcəksən. Qaraçı olsalar da onlar insanlara yaxınlaşıb, pul istəmirlər. Amma onların əla şaman olduğu deyilir.
Mətbəx:


Transilvaniyada ən məşhur restoran Poyana Braşov istirahət mərkəzində yerləşən «Coliba Haiducilor»dı. Burada şam yeməyi əsl mərasimdir. Restoranın işçiləri qonaqları qədim geyimdə, əllərində içərisi pendir, duz, hisəverilmiş donuz piyi və kaltaboşa olan qədim məcməyilərlə qarşılayırlar. Transilvaniya mətbəxi fərqli və zəngindir. Burada Avropa, Şərq və rumınyeməklərinə rast gələcəksən. Bütün evlərdə və restoranlarda masada mütləq brınza pendiri olmalıdır. Yeməklərin əksəriyyətində brınzadan və qarğıdalı unundan istifadə edirlər. Mətbəxin vizit kartı «m-amalıqa»dır. Burada ətdən və tərxundan hazırlanan məşhur «Transilvaniya çorbası»nın dadına mütləq bax. Smetan və kəsmikdən hazırlanan «papanaşi»nin dadına doymayacaqsan. İçi doldurulmuş göbələklərin dadı damağından getməyəcək.

Transilvaniyada rastlaşacağın ən məşhur yeməklərdən biri də «çorba de burto»dur. Konservləşdirilmiş ət və təzə ət tikələrindən hazırlanan bu şorbanın qeyri-adi dadı var. Transilvaniyada mütləq yerli bulkilərin, peraşkilərin dadına bax.
Buranın ən məşhur və dadlı içkisi Transilvaniya şərabıdır.
Yaddan çıxartma:
· Küçəyə çıxarkən şəxsiyyət vəsiqəni və pasportunu otelin seyfində saxla. Özünlə bütün pullarını götürmə. Şəhərin mərkəzində isə hətta gecəyarısında belə rahat gəzə bilərsən. Oğrular yalnız ucqar yerlərdə olur.
· Pul dəyişmək istəsən yalnız böyük banklara get. Pul dəyişəndə isə yanında mütləq pasportun olmalıdır.
· Yemək vaxtı masada heç nəyə toxunmamaq, yeməmək təhqir hesab edilir.
· Ölkədən ağartı məhsulları çıxartmaq olmaz.

Alış-veriş:
Transilvaniya alış-veriş üçün o qədər də uğurlu yer deyil. Çünki turistlərə hər şey baha qiymətə satılır. Mağazalardan yerli əhali tərəfindən toxunan yun koftalar al. Sapları insanlar özləri əyirirlər. Transilvaniyadan çoxlu suvenirlər ala bilərsən. Məbədlərin ətrafında Drakulanı əks etdirən suvenirlərə rast gələcəksən. Amma onların keyfiyyətli olmadığı deyilir. Çalışın, belə suvenirləri mağazalardan alasınız.