Rusiya Federasiyası Udmurtiya Muxtar Respublikasının İjevsk şəhərində "Dostluq" - Udmurtiya Azərbaycan İctimai Mərkəzinin rəhbəri Zülfüqar Mirzəyev “Eurasia Diary”ə açıqlama verib. Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayına qatılan Zülfüqar Mirzəyev diaspor fəaliyyətinin daim inkişaf tələb edən fəaliyyət növü olduğunu vurğulayaraq bildirib:
“Diaspor fəaliyyəti Azərbaycan üçün gənc quruluşdur. Sözsüz ki, müəyyən çatışmazlıqlar var və olacaq. Lakin, boşluqların doldurulması və səhvlərin təkrarlanmaması üçün müəyyən kordinasiyalar olmalıdır.
Cəmiyyətimizin fəaliyyəti nizamnaməyə uyğun tərtib edilmiş, Ağsaqqallar Şurası və İdarə Heyyəti tərəfindən təsdiqlənmiş planla icra olunur. 2014-cü ildə mənim rəhbərliyim əsasında fəaliyyətimizin daha da təkmilləşdirilməsi işləri aparıldı. Dağlıq Qarabağ münaqişəsində Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılması cəmiyyətimizin məsələsi prioritet məsələlərindəndir.
Mən Qarabağlıyam və torpağını itirmiş kəsəm. Sözsüz ki, bu dərdi hər bir Azərbaycanlı öz canında daşıyır. Əlimizdən gəldiyi formada bu ağrıya-acıya dövlətin, millətin xeyrinə hər hansı iş görməklə su çiləməyə çalışırıq. Lakin, diaspor nümayəndəsi olaraq həm də, tolerantlığımızı və sülhsevənsiyimizi tərənnüm etmək üçün bir sıra tədbirlər reallaşdırırıq. Paralel olaraq, fəaliyyət göstərdiyimiz regionda erməni diaporunun fəaliyyətini iflic formaya salmağa nail olmuşuq ”.
Zülfüqar Mirzəyevin sözlərinə görə, diaspor fəaliyyəti koordinasiya əsasında qurulmalıdır və doiapor təşkilatları ictimaiyyətə fəaliyyət hesabatı verməlidir:
“Xarici ölkədə yaşayan Azərbaycanlılar vətənə, dövlətə sədaqətlərini göstərmək üçün diaspor təşkilatları yaradırlar və fəaliyyətlərini anladıqları formada qururlar. Lakin, diaspora təşkilatlarına vahid fəaliyyət planı tərtib olunarsa və vahid zaman ərzində müvafiq hesabatlar istənilərsə görülən işlərin effektivliyi daha da artar . Vahid koordinasiya mərkəzinin olmaması ümumi problemlərin və uğurların ictimailəşdirilməsində boşluq yaradır”.
Diaspor təşkilatlarının media ilə məkdaşlıq məsələsinə də toxunan Zülfüqar Mirzəyev Azərbaycan diaspor təşkilatlarının fəaliyyətini işıqlandıracaq xüsusi televiziya kanalına ehtiyac olduğunu deyib: “Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və Dağlıq Qarabağ münasiqəsinə dair informasiyaların operativ şəkildə fəaliyyət göstərdikləri ölkələrin mediasında işıqlandırılması məsələsi prioritet olmalıdır.
Lakin sosial şəbəkələr və informsiya portalları ilə yanaşı həm də, Azərbaycan diaspor təşkilatlarının fəaliyyətini işıqlandıracaq xüsusi televiziya kanalına da ehtiyac var”.
Qeyd edək ki, Rusiya Federasiyası Udmurtiya Muxtar Respublikasının İjevsk şəhərində "Dostluq" - Udmurtiya Azərbaycan İctimai Mərkəzi 1998-ci ildən fəaliyyətdədir və 10 minə yaxın üzvü var. 2014-cü ildən Zülfüqar Mirzəyev təşkilata sədrlik edir.
"Eurasia Diary"