Azərbaycandan olan geniş nümayəndə heyəti Rusiya Federasiyasının Udmurtiya Respublikasında səfərdə olub. Novruz Bayramı günlərinə təsadüf edən səfər Beynəlxalq Avrasiya Mətbuat Fondu , Udmurtiyadakı “Dostluq” - Azərbaycan İctimai Mərkəzi və Udmurtiyanın Milli Siyasət Nazirliyinin təşkilatçılığı ilə reallaşıb. Nümayəndə heyətinə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-Siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev, Milli Məclisin deputatı Sahib Alıyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Mətbuat Şurasının sədr müavini, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri Umud Rəhimoğlu, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru , siyasi elmlər namizədi Elman Nəsirli, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, əməkdar mədəniyyət xadimi Vaqif Quliyev, Ekologiya və Təbii Sərvətlər nazirliyinin elmi-tədqiqat institutunun direktoru Mürsəl Əliyev, Azərbaycanın tanınmış hüquqşünası, Beynəlxalq Mühəndislər Akademiyasının doktoru Şirxan Adıgözəlov, o cümlədən iş adamı Rafiq Qarayev daxil olub. Azərbaycan nümayəndə heyəti ilk olaraq Udmurtiya Respublikasının rəhbəri Aleksandr Salavyovla görüşüb . Görüşdə Udmurtiya Respublikasının rəhbəri Aleksandr Salavyov bildirib ki , Azərbaycan və Rusiyanın münasibətlərinin bugünkü dinamik inkişafı bütün sahələrdə yaxşı nəticələrin əldə olunmasına şərait yaradır. Bizim əməkdaşlığımız dostluq, mehriban qonşuluq, qarşılıqlı maraqlara, hörmətə, etimada söykənən, proqnozlaşdırıla bilən və sabit münasibətlərin əsasıdır.
Udmurtiya Respublikasının Rusiya Federasiyasının aparıcı subyektlərindən biri olduğunu xatırladan cənab Salavyov məlumat verdi ki, hazırda Udmurtiya Rusiyanın neft-qaz çıxarma və müdafiə sənayesi məhsullarının istehsalına görə əsas mərkəzlərindən biri sayılır. Əhalisinin sayı 1,5 milyon olan Udmurtiyada ümumilikdə 130 etnik qrupu təmsil edən müxtəlif millətlərə mənsub vətəndaşlar sülh və sabitlik şəraitində yaşayır. Udmurtiyadakı Azərbaycan diasporunun ölkənin ictimai həyatında rolunu yüksək qiymətləndirən cənab Salavyov diasporun iqtisadi imkanlarının artmasında maraqlı olduğunu bildirdi və Azərbaycanın biznes təmsilçilərini də Udmurtiyaya investisiya qoymağa dəvət etdi .
Daha sonra çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-Siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev məlumat verdi ki, Azərbaycan Rusiyanın çoxdankı, ənənəvi və etibarlı tərəfdaşıdır. Ümümmilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkələr arasında yeni əməkdaşlıq mühiti yaranıb. Məhz Heydər Əliyev və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin uzaqgörən təşəbbüsləri ilə hər iki ölkə Qafqaz regionunda, Xəzər regionunda, MDB çərçivəsində, aparıcı beynəlxalq strukturlarda sıx qarşılıqlı fəaliyyət göstərməyə başlayıblar .Bu əməkdaşlığın əsası ölkələrimiz, dövlətlərimiz və xalqlarımız arasında möhkəm dostluq, qarşılıqlı hörmət ənənələridir. Prezident İlham Əliyevin hakimiyyəti dövründə də siyasi sahədə münasibətlərimiz inkişaf edir, hər iki ölkə beynəlxalq təşkilatlarda dostlar, tərəfdaşlar kimi əməkdaşlıq edir, qarşılıqlı dəstək siyasətinə sadiqlik göstərirlər.
ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rolu böyükdür. Bu baxımdan Rusiyanın münaqişənin həll prosesinə dəstəyi bütünlükdə regionun siyasi iqtisadi, təzlükəsizlik sahəsində problemlərinin həllinə təkan vermiş olar.
Millət vəkili Sahib Alıyev isə bildirdi ki, hər iki xalq ümumi tarixə malikdir . Bu coğrafiyada uzun illərdir qonşu olan ruslar və azərbaycanlılar həmişə sülh şəraitində , əməkdaşlıq edərək sabitlik və əminamanlıq şəraitində yaşamağa can atıblar. Hazırda Azərbaycan müstəqil bir dövlət kimi inkişaf edir. Ölkələr arasında iqtisadi əlaqələr günü-gündən inkişaf edir, ticarət dövriyyəsi artır. Təkcə Rusiyaya Azərbaycan 1 milyard dollardan artıq investisiya qoyub. Bu isə iki ölkə arasında mövcud etimad və etibarın bariz nümunəsidir.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru , siyasi elmlər namizədi Elman Nəsirli də diqqəti əsasən iqtisadi əlaqələrin səviyyəsinə yönəltdi və Azərbaycanın məhsul ixrac etdiyi ölkələr sırasında Rusiyanın ilk sırada durduğunu vurğuladı. Azərbaycan iqtisadiyyatının günü-gündən böyüdüyünü , ÜDM-ın son 11 ildə 3-4 dəfə artdığını xatırladan cənab Nəsirli bu tipli qarşılıqlı səfərlərin baş tutması ilə daha çox ortaq məxrəclərin tapılacağına əmin olduğunu bildirdi .
Yüksək səviyyəli qəbula görə Udmurtiya Respublikasının rəhbərinə minnətdarlığını bildirən səfərin təşkilatçılarından biri Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu bildirdi ki, Udmurtiya onun üçün doğma diyardır. Burada onun rəhbərlik elədiyi fondun 1993-ci ildə ilk xarici nümayəndəliyi açılıb. BAMF-ın MDB məkanında BMT-nin İqtisadi Sosial Şurasının (ECOSOC) Əsas Məşvərətçi Statuslu üzvlüyünü qazanan az sayda təşkilatdan biri olduğunu bildirən Umud Mirzəyev dünya üzrə bu statusa cəmi 148 təşkilatın yiyələndiyini xatırlatdı .
U.Rəhimoğlu bəyan etdi ki, bu gün Azərbaycan-Rusiya münasibətləri yüksəliş mərhələsindədir. Rusiya Federasiyasının subyektləri ilə Azərbaycanın regionlararası əlaqələri səmərəli və dinamik inkişaf edir . Moskvada və Rusiyanın digər şəhərlərində böyük miqdarda azərbaycanlı yaşayır ki , onlar arasında çoxlu sayda hörmət sahibi insanlar – həkimlər, alimlər, pedaqoqlar və ölkəmizi geniş şəkildə təbliğ edən digər peşə sahibləri var. Rusiyanın Udmurtiya Muxtar Respublikasında fəaliyyət göstərən “Dostluq” - Azərbaycan İctimai Mərkəzi də Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılması istiqamətində xüsusi fəaliyyət göstərir. Mərkəzin məqsədi Azərbaycan milli-mədəni dəyərlərinin qorunması, sosial, bədii, mədəniyyət təşəbbusləri, Rusiya cəmiyyətinin mədəni həyatına Udmurtiyadakı azərbaycanlıların fəal inteqrasiyası, təhsilin inkişaf etdirilməsi, iki ölkə arasında əlaqələri möhkəmləndirmək, dostluq, etimad və xalqlar arasında anlaşmanın təşviqidir. Təşkilat fəaliyyətini hər iki ölkənin milli maraqları əsasında qurub və hər iki ölkənin prioritet hesab elədiyi istiqamətlər üzrə bundan sonra da davamlı olaraq aktiv işlər görmək niyyətindədir. Azərbaycanın milli bayramı olan Novruzda dostların və yaxın insanların bir-birilərinin evlərini ziyarət etdiyini xataırladan Umud Rəhimoğlu əminliyi ifadə etdi ki, bayram günlərinə təsadüf edən bu əlamətdar səfər də yadda qalan olacaq və Udmurtiya ilə Azərbaycanın müxtəlif regionları arasında əlaqələrin daha da inkişaf etməsində özünəməxsus rol oynayacaq.
Sonda Azərbaycan nümayəndə heyəti tərəfindən Udmurtiya Respublikasının rəhbərinə BMT-nin İqtisadi Sosial Şurasının (ECOSOC) Əsas Məşvərətçi Statuslu üzvü olan BAMF-ın Ali mükafatı, dəyərli hədiyyələr təqdim olundu . Bununla yanaşı cənab Salavyova Novruzun atributları olan “Səməni” və şirniyyatlar da təqdim edildi .
Nümayəndə heyəti ilə görüşdən çox məmnun qaldığını bildirən Udmurtiya Respublikasının rəhbəri tezliklə Azərbaycana səfər etməyi arzuladığını etiraf elədi. Cənab Salavyov vətəndaş cəmiyyəti təmsilçilərinin belə bir səfərin baş tutmasında aktiv iştirak etməsini alqışladı . O, səfərdən sonra birgə əməkdaşlığın sahələrini müəyyənləşdirmək və aktiv şəkildə bu prosesə dəstək olmaq üçün Udmurtiyanın bir sıra rəsmi qurumlarına tapşırıqlar da verdi. Udmurtiya Respublikasının rəhbəri eyni zamanda Udmurtiyada anadan olan məhşur rus bəstəkarı Pyotr Çaykovskinin yubileyi ilə bağlı İjevskdə baş tutacaq silsilə tədbirlərdə iştirak etməyə dəvət etdi.
Azərbaycan nümayəndə heyətinin növbəti görüçü isə Udmurtiya Respublikasının Milli Siyasət Nazirliyində oldu. Nazir Larisa Buranova nümayəndə heyətinə məlumat verdi ki, Udmurtiya ərazisində yaşayan digər xalqlar kimi azərbaycanlıların da milli özünəməxsusluğunu, adət-ənənələrini, dilini, dinini, mədəniyyətini qoruyub saxlamaq, hüquq və azadlıqlarının, sosial təminatının müdafiəsi nazirliyin başlıca vəzifələrindəndir. O əminliyini vurğuladı ki, nazirlik bu səfərdən sonra bu istiqamətdə daha da uğurlu fəaliyyət göstərəcək. Sonra nümayəndə heyətinin iştirakı ilə birgə əməkdaşlığın inkişafının perspektivləri ilə bağlı müzakirələr aparıldı. Sonda xanım nazir Buranova BAMF-ın sədri Umud Rəhimoğlu bu xoşməramlı səfərin təşkilində oynadığı rola görə xüsusi minnətdarlıq diplomu təqdim etdi. Eyni zamanda, BAMF-ın adından xanım nazirə və məşhur udmurtiyalı alim Oleq Botkinə fəxri diplomlar təqdim edilmişdir.
Nümayəndə heyəti martın 20-21 baş tutan səfər çərçivəsində Udmurtiyanın Milli muzeyi, Kalaşnikov adına Muzey-sərgi mərkəzi , Müqəddəs Mixaylov kilsəsini və Udmurtiyanın bir sıra başqa tarixi məkanları ilə yaxından tanış olublar. Bununla yanaşı Udmurtiyadakı Azərbaycan diasporunun nümayəndələrilə geniş görüş keçirilib , birgə reallaşdırılacaq layihələr müzakirə olunub. Görüşdə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-Siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev diaspora nümayəndələrinə üz tutaraq onları Rusiya Federasiyasının vətəndaşı kimi Azərbaycanı layiqli təmsil etməyə, iki ölkənin münasibətlərinin inkişaf etdirilməsində aktiv rol oynamağa dəvət etdi .
Səfərin sonunda Novruz Bayramı münasibətilə Udmurtiyanın mədəniyyət sarayında xanəndə Qoçaq Əsgərovun başçılıq etdiyi musiqi truppasının iştirakı ilə böyük qala konsert keçirilib. Konsertə Udmurtiyanın ictimai xadimləri , hökümət təmsilçiləri ilə yanaşı , Azərbaycanda da kifayət qədər tanınan , Bakıda keçirilən Avroviziya yarışmasında Rusiyanı təmsil edən «Бура́новские ба́бушки» qrupunun üzvləri də iştirak ediblər.