Bakıda “Koreya Mətbəxi Festivalı” keçirilib

Bakıda “Koreya Mətbəxi Festivalı” keçirilib backend

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Koreyanın Azərbaycandakı səfirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Multikulturalizm ili” çərçivəsində “Koreya Mətbəxi Festivalı” keçirilib.

Qaziler.az bildirir ki, APA-nın xəbərinə görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Koreyanın Azərbaycandakı səfiri Kim Çanq Qyu, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, ictimaiyyət və media təmsilçiləri iştirak ediblər.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, bu gün Azərbaycanın multikulturalizm sahəsindəki rolu müsbət qiymətləndirilir: “Azərbaycanda mətbəx ənənələri mədəniyyət sahəsi kimi dəyərləndirilir. Azərbaycan mətbəxi olmadan Azərbaycan xalqının adətlərini təsəvvür edə bilmərik”. Nazirin sözlərinə görə, hər iki ölkədə qarşılıqlı şəkildə mədəniyyət günlərinin təşkil edilməsi müsbət haldır.

Kim Çanq Qyu isə bildirib ki, bu gün nümayiş etdirilən yeməklər Koreya mətbəxinin xüsusi nümunələridir: “Mətbəx mədəniyyətin ən vacib elementidir”. Səfirin sözlərinə görə, bu kimi tədbirlər iki ölkə arasında əlaqələrin inkişafına xidmət edir.

İ. Kərimov isə qeyd edib ki, Azərbaycan sivilizasiyaların kəsişdiyi bölgədə yerləşdiyindən multikulturalizm Azərbaycan xalqının tərkib hissəsidir. “ASAN fəaliyyətə başlayandan minlərlə vətəndaşa yardım edib. Koreya vətəndaşları da bizim xidmətdən istifadə ediblər. ASAN-ın mədəniyyət sahəsindəki tədbirləri bundan sonra kütləvi xarakter alacaq”.

Festivalda koreyalı aşpazlara Azərbaycan Milli Kulinariya Mərkəzinin sertifikatları təqdim edilib. Tədbir Azərbaycan və Koreya incəsənət nümunələrinin təqdimatı ilə başa çatıb.
Diaspora