Kənd Təsərrüfatı Nazirliyi vətəndaşlardan kömək istəyib. İctimaiyyətə ünvanlanan müraciətdə məhsulların keyfiyyəti ilə bağlı nazirliyə məlumat verilməsi istənilib. Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat verilib.
Xəbərdə deyilir ki, vətəndaşlardan ərzağın keyfiyyətindən narazılıq olduğu halda nazirliyə şikayət etmələri istənilir: “Kənd təsərrüfatı sahəsində ən son texnoloji yeniliklərin tətbiqi, bitki sortlarının mühafizəsi, geni dəyişdirilmiş məhsulların qadağan olunması, baytarlıq və fitosanitar nəzarəti ilə dövlət bu narahatlıqları minimum endirməyə çalışsa da, məlumatsızlıq və çox zaman əsassız şayiələr insanları çaşdırmaqda davam edir. Kənd Təsərrüfatı Nazirliyi vətəndaşların diqqətinə çatdırır ki, bazar və marketlərdən aldıqları və keyfiyyətlərinə şübhə ilə yanaşdıqları hər hansı bitki və ya heyvan məşəli məhsulla bağlı nazirliyə müraciət edə bilərlər”.Şikayət olunan məhsullardan götürüləcək analizlər nazirliyin tabeliyindəki müvafiq qurumlar tərəfindən yoxlanılacaq. Bundan sonra analizlərin nəticələri şikayətçiyə təqdim ediləcək.