Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov “Sovetskiy sport” nəşrinə açıqlamasında deyib ki, Bakıda keçiriləcək “Formula-1” yarışlarının Avropa Qran-prisi mərhələsi ölkə rəhbərliyinin və hökumətinin xüsusi nəzarəti altındadır. Virtualaz.org xəbər verir ki, nazir bu yarışların keçirilməsinin Azərbaycanın tanıdılmasına xidmət etdiyini deyib.
“Dünya xəritəsində təzə meydana çıxmış ölkələr üçün hansısa formada özünü təqdim etmək vacibdir. Mən hesab edirəm ki, biz buna müxtəlif idman yarışları keçirməklə, dünya şahmat olimpiadasından tutmuş güləş üzrə dünya çempionatına, Avropa Oyunlarından “Formula-1”- ə, gənclər arasında Avropa futbol çempionatından İslam Oyunlarına qədər, nail ola biləcəyik. Düzünü desəm “Formula-1” yarışlarının keçirilməsi ideyası birinci bizim ölkəmizin prezidentinin ağlına gəlib. O, həm də Milli Olimpiya Komitəsinin prezidentidir.Əslində bütün işıqlı ideyalar onun ağlına gəlir. Biz Avropa Oyunlarına hazırlıq görərkən paralel olaraq “Formula-1” yarışları ilə bağlı da danışıqlar başladı. O vaxt Monte-Karloda yarış gedirdi. Yəqin prezident televizorda həmin yarışlara baxıb, bununla eyni vaxtda promouterlərdən biri Flavioa Briatorla görüş baş tutub. Fikrimcə hər şey buradan başlayıb. Lakin təfərrüatları bilmirəm”-nazir deyib.