Deputat Əflatun Amaşov Gürcüstanda görüşlər keçirib

Deputat Əflatun Amaşov Gürcüstanda görüşlər keçirib backend

QAZİLER.AZ Mətbuat Şurasının saytına istinadla xəbər verir ki, Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi Gürcüstanda bir sıra görüşlər keçirib.

Ə.Amaşov öncə gürcüstanlı soydaşımız, jurnalist və şair mərhum Fikrət Mursaqulovun rus dilində çapdan çıxmış “Uteshenie” (Təsəlli) şeirlər kitabının təqdimat mərasiminə qatılıb.

F.Mursaqulovu tələbəlik illərindən parlaq istedada malik yaradıcılıq adamı kimi tanıdığını vurğulayan Ə.Amaşov onun qısa müddətli həyat yolunda əsl mübarizlik keyfiyyətləri nümayiş etdirdiyini bildirib. “Bu keyfiyyətlər Fikrəti cəmiyyətə, insanlara yaxınlaşdırırdı. Tanıyanların hamısı ona rəğbətlə yanaşırdı. Şerləri daim yaşamaq ruhlu idi. Üslub və dil xüsusiyyətləri baxımdan olduqca səlist və ahəngdar yazırdı. Bacarığı ilə təəccübləndirirdi. Ən əsası isə Fikrət məhrum olduğu göz işığını şerlərinə daşıyaraq sanki nur saçırdı”, - deyən Ə.Amaşov F.Mursaqulovun əziz xatirəsinə ehtiram əlaməti olaraq çapdan çıxmış kitabın məziyyətlərindən də söz açıb.

Çıxış edənlərdən yazıçı-publisist Binnət Əlioğlu, professor Mahmud Hacıxəlilov, şair Abbas Əli və başqaları F.Mursaqulovun şeirlərində Vətənə, xalqa, millətə, torpağa məhəbbətin tərənnüm olunduğunu vurğulayıblar, mərhum şairi xarakterizə edən cəhətləri yada salıblar, onunla bağlı xatirələrini bölüşüblər. Təqdimat mərasiminə toplaşanlar belə tədbirlərin Gürcüstan azərbaycanlıları arasında ictimai mühitin zənginləşməsinə böyük töhfə olduğunu da dilə gətiriblər. Mərasimdən sonra iştirakçılar F.Mursaqulovun məzarını ziyarət ediblər.

Qeyd edək ki, F.Mursaqulov 1955-ci il iyulun 10-da Marneuli rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən sonra Bakıda qalıb işləyib, gözdən əlil insanlar üçün nəzərdə tutulmuş mətbu orqanın redaktoru olub. O, 33 yaşında dünyasını dəyişib.