Qabaqcıl qlobal informasiya və kommunikasiya texnologiyası (İKT) həlləri provayderi olan "Huawei Azərbaycan" Azərbaycanı tanıtmaq məqsədi daşıyan “Gözəl Azərbaycan” sosial layihəsinin başlanmasını elan etməkdən məmnunluq duyur.
İKT.lent.az-ın xəbərinə görə, “Gözəl zəkalar”, “Gözəl Mədəniyyət”, “Gözəl Xalq” və “Gözəl Təbiət” kimi dörd hissədən ibarət olan uzun müddətli layihə il ərzində həyata keçiriləcək. Hər bir buraxılışın özünün ayrıca proqramı olacaq və Bakı və Azərbaycanın müxtəlif regionlarını əhatə edəcək.
"Huawei Azərbaycan"ın baş icraçı direktoru Cao Zejun bildirib ki, "Huawei" Azərbaycanda qabaqcıl İKT həlləri provayderlərindən biridir və irimiqyaslı bir şirkət kimi cəmiyyət qarşısında üzərinə düşən öhdəlikləri anlayır: "Biz "Huawei"-in fəaliyyət göstərdiyi müxtəlif sahələrdə bir sıra sosial layihələri icra edirik. “Gözəl Azərbaycan” bizim Azərbaycanda ilk layihəmiz deyil, lakin Azərbaycandakı ən böyük sosial layihələrindən biri olacaq. 15 ildən artıq bir müddətdə bu ölkədə təcrübə toplamış bir şirkət kimi "Huawei" bu gözəl ölkəni və xalqı tanıtmaq və daha da irəli aparmaq üçün bu böyük layihəyə başlamağı qərara aldı. Bu, sadəcə, bir başlanğıcdır, inanırıq ki, layihə uğurlu olacaq və biz gələcəkdə Azərbaycanda bir çox birgə təşəbbüslər həyata keçirə biləcəyik".
“Gözəl Təbiət” layihəsinin məqsədi Azərbaycan təbiətinin zənginliyini, fərqliliyini və gözəlliyini nümayiş etdirməkdir. Layihənin foto yarışının qalibləri "Huawei" tərəfindən mükafatlandırılacaq.
“Gözəl Xalq” layihəsi Azərbaycan xalqının həyat hekayələrini paylaşaraq, bu xalqın daxili gözəlliyini üzə çıxarmaq niyyətindədir.
“Gözəl Mədəniyyət” layihəsi Azərbaycanın müxtəlif guşələrində mədəni və əyləncəli tədbirləri təşkil edəcək.
"Huawei Azərbaycan" artıq Naxçıvanda “Gözəl düşünən Beyinlər” layihəsinin bir hissəsi olan “Seeds for the Future” layihəsinə başlayıb. Naxçıvandan 6 tələbə Çindəki "Huawei" mərkəzlərində keçirilən praktika üçün seçilib.
“İKT lideri və Azərbaycanda fəaliyyət göstərən İKT şirkətlərindən biri kimi biz inanırıq ki, bu ölkədə gənc nəsil üçün şanslar yaratmaqla onlar üçün daha artıq şeylər edə bilərik. "Huawei"-in baş ofisinə gəlmək və orada təcrübə keçmək dünyada əksər gənc insanların böyük arzusudur. Bu il bu şansı Naxçıvandan olan tələbələrə verdiyimiz üçün özümüzü çox xoşbəxt hiss edirik”, - "Huawei Azerbaijan"ın baş icraçı direktoru Cao Zejun deyib.
Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Hong Jiuyin, “Huawei Central Asia” baş icraçı direktoru Zang Dongliang və "Huawei Azərbaycan"ın baş icraçı direktoru Cao Zejun Azərbaycan və Çin arasındakı hərtərəfli əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.