Azərbaycan Xalça Muzeyi Mətbuat Xidmətindən QAZİLER.AZ-a verilən məlumata görə, Azərbaycan Xalça Muzeyində “I Beynəlxalq türk dünyasının ortaq dili - naxışlar” mövzusunda simpozium işə başlayıb
İyunun 2-də Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Xalça Muzeyinin dəstəyi, Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Xalça Muzeyində I Beynəlxalq "Türk dünyasının ortaq dili - naxışlar” adlı simpoziumunun açılışı olub.
Tədbirdə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək simpoziumun əhəmiyyətindən söz açıb. Bildirilib ki, tədbirin təşkil olunmasında məqsəd türkdilli dövlətlərdə və regionlarda naxışları tanıtmaqdan, uzaq yerlərdə yaşayan türk mənşəli xalqlara naxışların ortaq şəkildə istifadə olunmasını göstərməkdən ibarətdir.
Qeyd olunub ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib və həmin gün ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd edilir.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun belə mötəbər əhəmiyyətli tədbirin təşkil olunmasını yüksək qiymətləndirib. Diplomat qeyd edib ki, tədbir bilavasitə türk mənşəli xalqların xalçaçılıq sənətinə aid olan naxışlarının qədimdən ortaq bir şəkildə istifadə olunduğunu göstərməklə yanaşı, ortaq dəyərlərini bir daha təcəssüm etdirir.Yunus Əmrə İnstitutu ilə birgə başlayan simpozium bu qiymətli missiyanı yerinə yetirir. Çalışacayıq ki, birgə əməkdaşlıq yeni layihələrin gerçəkləşməsi ilə davam etsin.
Tədbirin açılışında Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev, Milli Məclisin deputatı Nizami Cəfərov, Bakı Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Qırğızıstan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Mədəni işlər komitəsinin direktoru Dinara Çoçunbayeva, Əhməd Yəsəvi Universitetinin rektor müavini Mustafa Nursoy və Tanınmış rəssam, Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov ilk dəfə keçirilən simpoziumun mahiyyətindən və türkdilli xalqların ortaq incilərinin öyrənilməsi və təbliğindəkı rolundan danışıblar.

Bildirilib ki, tədbirdən əsas məqsəd müxtəlif türkdilli dövlətlərdə və regionlarda naxışların tanıdılması, uzaq regionlarda yaşayan türk mənşəli xalqların naxışlarının ortaq bir şəkildə istifadə olunduğunu göstərmək, bu naxışların türk dünyası incəsənətindəki “ortaq dil” olduğu həqiqətini vurğulamaqdır. Bu sahədə elmi məclisin ilk olaraq Bakıda atılmsı xalça sənətinin Azərbaycanda qədim və şanlı tarixə malik olduğunu göstərir. Eyni zamanda xalça sənətinin ən çox inkişaf etdiyi bölgələrdən olan Qarabağın hazırda erməni təcavüzkarlarının nəzarətində olduğu üçün bu sənətin də işğala məruz qaldığını vurğulamaqdır.
Sonra qonaqlar simpozium çərçivəsində görkəmli xalça ustası, Xalq Rəssamı Lətif Kərimovun 110 illiyinə həsr edilmiş onun əvvəllər nümayiş olunmamış müəllif eskizlərindən və Mübariz Əkbərovun dekorativ-tətbiqi sənət nümunələrindən ibarət “Metalda həkk olunmuş gözəllik” adlı sərgiyə baxıblar.
İyunun 3-də “I Beynəlxalq türk dünyasının ortaq dili - naxışlar” mövzusuna uyğun olaraq Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan mütəxəssislərinin məruzələri dinlənilib.