Azərbaycan Xalça Muzeyinin Mətbuat Xodmətindən QAZİLER.AZ-a verilən məlumata görə, Azərbaycan Xalça Muzeyində “Metalda həkk edilmiş gözəllik” adlı fərdi müəllif sərgisi təşkil olunacaq.
Cari ilin 2 iyun tarixində Azərbaycan Xalça Muzeyində anadan olmasının 110 illiyi münasibətilə Lətif Kərimov ili elan edilən bir dövrdə onun əvvəllər nümayiş olunmamış müəllif eskizlərindən və Mübariz Əkbərovun dekorativ-tətbiqi sənət nümunələrindən ibarət “Metalda həkk olunmuş gözəllik” adlı sərginin açılış mərasimi keçiriləcək. Sərgi Muzeydə keçirilən “I Beynəlxalq Türk dünyasının ortaq dili naxışlar” adlı simpozium ərəfəsində təşkil olunub.Qeyd edək ki, “Metalda həkk edilmiş gözəllik” adlı fərdi müəllif sərgisi iyunun 12-dək davam edəcək.
Əsrarəngiz gözəlliyi ilə insanı valeh edən, qəhrəmanlıq möhürünü öz şanlı tarixinə vurmuş, şeir-sənət beşiyi olan qədim Gəncədə dünyaya göz açan, Azərbaycan Respublikasının əməkdar rəssamı Mübariz Əkbərov nəinki ölkəmizdə, habelə onun hüdudlarından kənarda da tanınan ünlü şəxsiyyətlərdən biridir.
O, 1971-ci ildə Gəncə rəssamlıq məktəbini bitirmişdir, 1975-ci ildə isə incəsənət sahəsindəki biliyini mükəmməlləşdirmək məqsədilə Gəncə Pedaqoji Texnikumunun rəssamliq fakültəsinin məzunu olmuşdur.
1985-ci ildən M. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsini bitirmişdir. Burada oxuduğu illər ərzində Şərq və Azərbaycan xalçasının, eləcə də dekorativ-tətbiqi sənətin elm sahəsi kimi öyrənilib dünya miqyasında tanınmasında Azərbaycan xalq rəssamı Lətif Kərimov Mübariz Əkbərovun müəllimi kimi onun yaradıcılığında mühüm rol oynamışdır.
Rəssamın qılınc-xəncər ustadı olaraq barmaqlarının nəvazişiylə polad üzərindəki nəfis naxışlarla Azərbaycanımızın milli-mənəvi dəyərləri, tarixi-mədəni irsi yenidən dirçəlir. Əsrlərin süzgəcindən başıucalıqla çıxan qəhrəmanlıq salnamələri Mübariz müəllimin yaradıcılığında sanki canlanır, yaşlı nəslin nümayəndələrini xatirələr öz ağuşuna alır, cavan nəsli isə döyüşə, torpaqlarımızın özünümüdafiəsinə, şanlı tariximizdə yeni salnamələr yazmağa səsləyir. Mübariz Əkbərovun yaratdığı sənət nümunələri təkcə forma və işlənmə texnikasının nəfisliyi ilə deyil, eyni zamanda zərifliyi ilə göz oxşayır.
Sənətkar müxtəlif dövrlərə aid olan Azərbaycan qılınc-xəncər nümunələrini ənənəvi ornamentlərlə ustaliqla işləmişdir.
Mübariz Əkbərov metal üzərində oyma sənəti ilə məşğul olarkən hiss etmişdi ki, rəssamlıqdan bəhrələnməklə sıradan çıxmaqda olan qədim silahlara yeni ömür verə bilər. Bu yeni ömür isə onun sənətkar kimi tarix qarşısındakı vətəndaşlıq vəzifəsidir.
Sənətkarın işlədiyi xəncər, qılınc qəbzələri və qınları, buynuzdan hazırladığı piyalələri, əl əsaları, döyüş libası, bel kəmərləri, və digər işləmələr müxtəlifliyi və zənginliyi ilə seçilir. Onun işlətdiyi nəfis şəbəkə üsulu xalqımızın daima gözəlliyə can atmasını, dünyanın gözəllik harmoniyasını duymaq bacarığını nümayiş etdirir.
Yaradıcılıq bioqrafiyası zəngin olan Mübariz Əkbərov özünün sənət nümunələri ilə Almaniya, Böyük Britaniyada, Daniya, Fransa, Rusiya və Türkiyədə təşkil olunmuş bir sıra beynəlxalq sərgilərdə iştirak etmişdir.