Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 50 nəfər şəxsə müvafiq yardımlar göstərib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən cari ildə 50 nəfər şəxs ehtiyac duyduqları yardımlarla təmin ediliblər.
Onlardan 35 nəfərini Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş insan alveri qurbanları təşkil edib. Digər 15 nəfər isə potensial insan alveri qurbanlarından (insan alverinin qurbanına çevrilmək riski ilə üzləşən insanlardan) ibarət olub. Qeyd olunan şəxslər ehtiyacları nəzərə alınmaqla hüquqi, psixoloji, tibbi və s. yardımlarla təmin ediliblər. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə birgə onlardan bir qisminin məşğulluğunun təmin olunması və ya peşə hazırlığına cəlb olunması üçün müvafiq işlər görülüb.Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 667 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, insan alveri ilə mübarizə mövzusunda maarifləndirmə tədbirləri cari ildə də davam etdirilir. Respublikanın bölgələrindəki ilk peşə-ixtisas təhsili müəssisələrində keçirilən maarifləndirmə tədbirlərində həmin müəssisələrin şagirdlərinə insan alveri anlayışı, onun növləri, insanların hansı hallarda insan alveri qurbanına çevrildiyi, insan alveri ilə mübarizə formaları və s. barədə interaktiv şəkildə məlumatlar verilir.