Paytaxtımızda ilk dəfə keçiriləcək “Bakı 2015” ilk Avropa Oyunlarına düz 84 gün qalıb. Hər ötən günü bizi Bakıda baş tutacaq ilk Avropa Oyunlarına bir qədər də yaxınlaşdırır. Sözsüz ki, hər kəs turnirin açılış mərasimini səbirsizliklə gözləyir. Azərbaycanın mədəni irsini dünyaya nümayiş etdirəcək bədii hissənin quruluşçu direktoru Dmitris Papaioannou oyunların açılış mərasiminə görülən işlər barədə məlumat verib.
Videoda gördüyünüz otaqda köhnə qitənin tarixində ilk dəfə baş tutacaq Avropa Oyunlarının açılış mərasiminin ssenarisi hazırlanır. Mərasimin süjet xətti məhz burada ideyadan reallığa çevrilir.Kompozisiyanın quruluşçu direktoru 2004-ci ildə Afinada keçirilmiş yay olimpiya oyunlarında eyni missiyanı yerinə yetirən yunanıstanlı Dmitris Papaioannoudu. Açılış mərasimi zamanı bədii hissədə Azərbaycanın mədəni irsinə xas olan əsas elementlərdən istifadə olunacağını deyən Papaioannou müasir ümumbəşəri bir hekayə yaratmaq istəyir:
“Artıq mərasim üçün yazılmış xüsusi musiqi parçası hazırdır. Biz indi akustika üzərində çalışırıq. Çox genişmiqyaslı bir işdir. Nəticəni sonda görəcəyik. Ümid edirik ki, düzgün qərarlar qəbul edəcəyik. Hamımız yoruluruq. Lakin könüllülərlə işləmək bizə zövq verir”.
Avropa Oyunlarının açılış mərasimi iyunun 12-də yenicə istifadəyə verilmiş Milli Olimpiya Stadiounda baş tutacaq. Mərasim rəmzi olaraq 20:15-də başlayacaq.