Dəmirbank tərəfindən şəhid, hətta Milli Qəhrəman ailələrinin pulları mənimsənilib
Bir neçə gündür ki, ölkə mətbuatında DəmirBankla əmanətçiləri arasında münaqişələr haqqında məlumatlar yayılır. Azərbaycanın Milli Qəhrəmanı, şəhid Təbriz Xəlilbəylinin qardaşının ailəsindən elə QAZİLER.AZ saytının redaksiyasına da məktub daxil olub.Həmin məktubda DəmirBankın, hətta şəhid, Milli Qəhrəman ailələrinin də pullarının min bir bəhanə ilə geri qaytarılmaması söylənilir, bu pulların mənimsənildiyi vurğulanır.
Biz də bu məsələni dərhal araşdırmağa başladıq. Məlum oldu ki, yeddi nəfər vətəndaş, o cümlədən şəhid və Milli Qəhrəman ailələrinin üzvləri on illərlə manat-manat topladıqları pulları DəmirBanka əmanət etmişdir. Həmin insanların əllərində rəsmi müqavilələr, pulların mədaxil qəbzləri, əmanət kitabçaları, hətta bankın səlahiyyətli şəxsləri tərəfindən imzalanıb-möhürlənmiş qarant məktubları olmasına və həmin depozit əmanətlərin müqavilə müddətlərinin aylardır ki, bitməsinə baxmayaraq, bu günə qədər geri qaytarılmamışdır. Son bir ayda iki dəfə rəsmi müraciət edilməsinin də bir faydası olmamışdır. Bununla bağlı bankın sahibinə jurnalistlər və vətəndaşlar tərəfindən yazılan sorğular və məlumatlar bloka salınaraq cavabsız qalmışdır. Qeyri-rəsmi məlumatlara görə, həmin pullar mənimsənilmişdir. Bu, biabırçı haldır.
Azərbaycanın bütövlüyü uğrunda canlarını qurban vermiş şəhid, Milli Qəhrəmanların ailələrinə qarşı DəmirBank rəhbərliyi tərəfindən bu çirkin əməllər ölkə prezidentinin siyasətinə birbaşa edilən xəyanətdir. Cəbhədə hələ bu gün də şəhidlər verdiyimiz bir zamanda bu ailələrə qarşı edilən belə çirkin hərəkətlər bizim hamımızın milli qürurumuza edilən təhqirdir. Bəlkə, bu münasibətlər son vaxtlarda cəbhədə qazanılan uğurlara DəmirBankın buradakı rəhbərliyi və xaricdəki səhmdarlarının hikkəsidir. Bəlkə, bu, belə bir önəmli zamanda Azərbaycan millətinə qarşı törədilən mənəvi terrordur? Ölkə başçısının daim, xüsusilə son zamanlarda nəinki şəhid, Milli Qəhrəmanların ailələrinə, eyni zamanda torpaq uğrunda döyüşmüş qazilərə, əlillərə göstərdiyi xüsusi qayğısına qarşı DəmirBank rəhbərlərinin, onların havadarlarının bu xəyanəti kimlərin sifarişidir? Hazırki zamanda qəsdən törədilən bu narazılıqlar kimlərin xeyrinə işləyir?
Biz Qarabağ qaziləri olaraq heç bir bəhanə qəbul etmədən DəmirBank rəhbərliyindən təcili olaraq bu biabırçılığı aradan qaldırmağı tələb edirik. Biz Vətənimiz üçün cəbhələrdə canımızı fəda edərkən siz “əziz” balalarınızla yağ içində böyrək kimi yaşayaraq belə çirkin əməllərinizlə çirkin milyonlara sahib olmusunuz. Bu, bəs deyilmiş kimi bu gün də bu işi davam etdirirsiniz. Bu, bağışlanılmazdır. Biz bank rəhbərliyinə bir şans vermək naminə hələlik adlar açıqlamırıq. Ancaq tələbimiz bir-iki gün içərində yerinə yetirilməsə, şəhid və Milli Qəhrəman ailələrinin və onların yaxınlarının illərlə qəpik-qəpik yığdığı pullar geri qaytarılmasa, Qarabağ müharibəsinin qaziləri, əlilləri və şəhid ailələri ayağa qalxaraq əlimizdə olan bütün dəlilləri açacaq və pulların geri qaytarılması üçün qanun çərçivəsində bütün gücümüzdən istifadə edəcək, şəhid ailələrinin pozulmuş hüquqları DəmirBank rəhbərliyi tərəfindən bərpa olunanadək mübarizə edəcəyik.
QAZİLER.AZ