Mayın 26-da təhsil naziri Mikayıl Cabbarov Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Abşeron, Qubadlı, Zəngilan rayonları və Sumqayıt şəhər sakinlərini qəbul edib.
Qəbulda Abşeron rayonunda və Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.Qaziler.az-ın məlumatına görə, Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, təhsil sənədlərinin tanınması, tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi və digər məsələlərlə əlaqədar müraciət ediblər.
Qəbula gələn vətəndaşların müraciətləri dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.