Təmas xəttində baş verən aprel döyüşlərində həlak olan Silahlı Qüvvələrimizin əsgəri Hüseynov Bəxtiyar Rafael oğlunun medalı ailəsinə verildi. Şəhidin nazir general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı onun ailə üzvlərinə təqdim edilib.
Şəhidin atası Rafael Hüseynovun ANS PRESS-ə verdiyi məlumata görə, mərasimdə şəhidin doğmaları ilə yanaşı, nazirliyin rəsmiləri, xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti, rayon ictimaiyyəti də iştirak edib.
Müdafiə Nazirliyinin rəsmisi Abdulla Qurbani Bəxtiyar Hüseynovun mənalı döyüş yolundan söz açdıqdan sonra şəhid zabitin döyüş medalını onun atasına təqdim edib.
Şəhid əsgərin atası, ehtiyatda olan hərbi qulluqçu Rafael kişi də oğlunun qəhrəmancasına şəhid olmasından qürur duyduğunu bildirib.
"Oğlum 1995-ci il iyulun 14-də Goranboyda anadan olub. Goranboy rayonu Qızılhacılı kəndini bitirən kimi dərhal hərbi xidmətə gedib. Bəxtiyar mənim ilk oğlum idi. Ondan başqa bir oğlum da var. O da aprelin 1-də hərbi xidmətdən qayıdıb. Düzdür, bir valideyn kimi bu, mənə çox çətin, ağırdır. Amma şəhid olmaq balamın arzusu idi. Allah-Taala bütün şəhidlərimizə rəhmət eləsin, bütün şəhid ailələrinə səbir diləyirəm və başsağlığı verirəm".
Şəhidin medal təqdimetmə mərasimdə iştirak edən döyüş yoldaşları onun intiqamının alınacağına and içiblər.
Aprelin 2-dən təmas xəttində gərginlik yaşanıb. Ermənistan tərəfi cəbhə xəttində təxribata cəhd edib. Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.