Əlilliyi olan şəxslərin ailəsinə əmək haqqı verilməlidirmi?

Əlilliyi olan şəxslərin ailəsinə əmək haqqı verilməlidirmi? backend

İlham Məhərrəmov birinci qrup Qarabağ əlilidir. Müharibəyə 23 yaşında gedən Məhərrəmov 2 il tamam olmamış - 1994-cü ildə ağır yaralanır. Aldığı yaralardan dolayı sərbəst hərəkət etmək məhdudiyyəti yaranır. Uzun illər ona anası qulluq edib, bir neçə il öncə isə ailə həyatı qurub. Hazırda ona həyat yoldaşı qulluq edir.

Amma 21 il ərzində baş verən bu qulluq prosesi qanun və dövlət qarşısında bir iş yükü daşımır.

İlham Məhərrəmovun nə anası, nə də həyat yoldaşı bu prosesə görə nə müavinət alıb, nə də ki qulluq dövrü pensiya hüququ verən iş stajına daxil edilib - əlilliyi olan şəxslərə qulluq edən ailə üzvlərinə müavinət ödənilmir, prosesin özü isə əmək stajı hesab olunmur.

Hüquqşünaslar deyir ki, ictimaiyyət qanunların hazırlanmasında onlayn iştirak edərək təkliflərini versə, vəziyyət dəyişə bilər.

Baxıcı pulu

Oxucular nə deyir?

Mən üst-üstə 48 ildir xəstəyə baxıram. Ərim ruhi əsəb xəstəsi olub, 18 il ona baxmışam. 1985-ci ildən də oğluma baxıram. Lakin dövlət mənə cəmi 50 manat müavinət verir. Bu heç bir aylıq müalicənin pulu deyil. Oliqofrennik oğlumun bir gün yaşaması üçün 18 ədəd dərman verirəm. Bu hansı qanuna sığar ki, sən belə əlilliyi olan adama 50 manat pul verəsən? Mənim kimi yüzlərlə ana var belə. Azadlığımı itirmişən oğlumun xəstəliyinə görə, əgər dövlət təminatı olsa baxdıraram, beş gün azadlıq qazanaram".
Elza Gulmammadova (Facebook)


"Birinci qrup əlilliyi olan şəxslərin sənədində yazılıb ki, kənar şəxsin köməyinə ehtiyac var. Əgər belə yazılıbsa, demək ki, bu kənar şəxsə müavinət ödənilməlidir", cənab Məhərrəmov belə hesab edir.

"Birinci qrup əlilliyi olan şəxs olaraq mənim pensiyam ikinci qrup əlilliyi olan şəxsdən 20-30 manat fərq edir. Bu pul da heç vaxt baxıcı pulu ola bilməz. Yəni əgər mənə ailə üzvü baxacaqsa, o ən azı minimum əmək haqqı qədər müavinət almalıdır".

Onun sözlərinə görə, bu yüzlərlə əlilliyi olan şəxsi narahat edir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dəfələrlə müraciətlər edilib.

Həmçinin izləyin- I qrup əlil: "İlham Əliyev nə bilir ki, verilən yardım mənə ev tikmir?"

Aya yetməyən müavinət

Qanunvericiliyə əsasən təkcə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edən ailə üzvləri üçün qulluq dövrü pensiya hüququ verən iş stajına daxil edilir (yenə də əgər sığorta stajı varsa) və uşağa qulluq edən şəxsə Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş məbləğdə müavinət ödənilir.
Amma burada da bir şərt var.

Yetkinlik yaşına çatmayan şəxs postvaksinal fəsadla əlaqədar xəstəliyə tutulduqda ona qanunvericilikdə müəyyən edilən qaydada sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək onun qanuni nümayəndəsi orta əmək haqqı miqdarında müavinət almaq hüququna malikdir.

Lakin hazırda bu müavinət 60-67 manat arasında dəyişir ki, bu məbləğin bir aylıq xərclərə yetəcəyindən söhbət belə gedə bilməz. Postvaksional fəsadları isə sübut etmək çətindir: illərlə buna vaxt sərf edən valideynlər var.

Amma əsas problem bu uşaqlar yetkinlik yaşına çatdıqdan sonra baş verir. Çünki bu zaman əlilliyi olan şəxslər üç qrupa bölünür.

Oxucular nə deyir?

Mən birinci qurup əliləm 145 manat pensiya aliram, heç o pul mənim iynə dərmanımı ödəmir. Mənə həyat yoldaşım baxir. Ona verilən baxım haqqı həmin mənə verilen 145 manatın içindədir, 8 manat".
Mehemmed Ismayilov (Facebook)


Üçüncü qrup əlilliyi olan şəxslərin kənar şəxsin köməyinə ehtiyacı olmur, ikinci qrup əlilliyi olan şəxslər qismən başqasının köməyinə ehtiyac duyur, birinci qrup əlillər isə tamamilə başqasından asılıdır. Belə olan halda onlara qulluq lazımdır.

Nəzərə alınmayan valideyn hüququ

Yuxarıda qeyd edilmiş qanuna əsasən qohumluq münasibətindən və əlillik səbəbindən asılı olmayaraq birinci qrup əlilliyi olana qulluq edən şəxsin bu qulluq müddəti onun ümumi əmək stajına daxil edilir.

Qüvvədə olan "Əmək pensiyaları haqqında" qanuna əsasən birinci qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti, valideyn yalnız sığorta olunan olarsa, qulluq dövrü iş stajı hesab oluna bilər. Sığortaolunan isə müəyyən iş stajna malik olan şəxslərdir.

Yəni, məsələn övladına illərlə qulluq etmiş ana əvvəlcədən heç bir yerdə işləməyibsə, əmək kitabçası yoxdursa, qulluq da iş stajı kimi nəzərə alınmır. Hazırda 12 il sığorta stajı tələb edilir.

"Azərbaycana birgə yardım" təşkilatından Züleyxa Nəcəfova bu halın doğru olmadığını deyir. "Əgər biz deyiriksə ki, əlilliyi olan da, olmayan da bərabər hüquqlara malikdir, o zaman valideynlərin də hüquqları qorunmalıdır. Yəni məsələn mənim əlilliyi olan uşağım yoxdursa, sərbəst şəkildə işləyirəm", o izah edir.

"Uşaqlarımı baxçaya da verə bilərəm, qonşunun yanında da qoya bilərəm. Bəs əlilliyi olan uşaqların valideynləri nə etsin? Onlar uşaqlarını kimə tapşıra bilərlər?".

Günərzi qayğı mərkəzləri yoxdur

Təşkilatın sosial iş üzrə mütəxəssisi olan Züleyxa Nəcəfovanın sözlərinə görə, hazırda ölkədə günərzi qayğı mərkəzləri də fəaliyyət göstərmir.

Bu mərkəzlərdə uşaqlarla mütəxəssislər məşğul olur və valideyn iş fəaliyyətini bərpa edə bilir. Amma belə yerlər mövcud deyil deyə, valideynlərin çoxu üçün yeganə seçim uşaqları internata verməkdir. Çünki çoxu dolanışıq üçün işləməyə məcburdur.
"2012-ci ildə Sosial Xidmətlər Haqqında yeni qanun qəbul olundu. Orda nəzərdə tutulmuşdu ki, əlilliyi olan uşaqlara, insanlara səyyar xidmət göstərilsin. Amma qanunun icrası olmayıb. Qulluq edən ailə üzvlərinə isə müavinətlərin verilməsi Sosial Müdafiə Nazirliyinin fəaliyyət planında qeyd olunub. Amma bu plan hələ müzakirə edilməli, vacibliyi sübut olunmalı və qəbul olunmalıdır”, Nəcəfova deyir.

İl yarımlıq əziyyət

Sevda Səfərəliyeva birinci qrup əlilliyi olan şəxsdir. O, ona xidmət edən qardaşının həyat yoldaşı üçün qulluq müddətinin iş stajı kimi qeyd olunması üçün bir il yarım çalışıb.

Qardaşının yoldaşı bir neçə illik əmək stajına malik olsa da, onun üçün qulluq üçün əmək stajının qeyd olunmasına maneələr olub. Bir çox məktublardan sonra ona bildirilib ki, qardaşını həyat yoldaşı Zəminə xanım ailə üzvü sayılmır çünki o, Sevdanın ata, ana, bacı və ya qardaşı deyil.

Uzun sürən məktublardan sonra Zəminə xanım Sevdaya patronaj - yəni, himayəçi təyin edilib.

"Zəminə gəlin gələndən mənə qulluq edir. 2014-cü ildə İcra hakimiyyətinin sərəncamı ilə patronaj kimi qəbul edildi və mənə baxacağı zaman ona əmək stajı kimi qeyd edilir. Qərar keçmişdəki zamana belə şamil edilmir", Sevda xanım deyir.

Vətəndaşlar dəyişiklik istəyirlərsə...

Hüquqşünas Kazım Salman qanunda dəyişikliklər edilməsinin adi insanların əlində olduğunu bildirir.

"Vətəndaşlar qanun hazırlanarkən onlayn öz təkliflərini yazmaq hüququna malikdirlər. Yəni maraqlı tərəflər qanunvericiliyin qəbulu zamanı aktiv iştirak edərsə, petisiyalar keçirərsə, o zaman bu problemlər aradan qalxar. Bunun üçün təşəbbüs qrupu lazımdır. Bu qrup isə əlilliyi olan şəxslərdən və onların ailə üzvlərindən ibarət ola bilər”.
Millət vəkili, Sosial Siyasət Komitəsinin üzvü Məlahət İbrahimqızı birinci qrup əlilliyi olan şəxslər qulluq edən ailə üzvlərinin staj məsələsi açıqdı deyir. Müzakirələr gedir və məsələ müsbət həllini tapa bilər.

"Bu tək Azərbaycanda olan problem deyil. Dövlət və yeni nazir Səlim Müslümov sosial məsələlərə qarşı çox həssasdır. Əminəm ki, bu məsələlər hərtərəfli həllini tapacaq"

Günel Səfər
www.bbc.co.uk
Diaspora