BP-yə qarşı iddia

BP-yə qarşı iddia backend

Martın 5-də BP-yə aid qazma platformalarından birindəki quyuda aparılan əməliyyat işləri zamanı qazma məhlulunun Xəzər dənizinə axıdılması ilə bağlı təşkil olunmuş araşdırmanın nəticəsi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi xəbərə görə, qazma prosesində texnoloji prosesin tərkib hissəsi olan boru kəmərinin quyuya endirilməsi zamanı texnoloji reqlament normalarının pozulması nəticəsində su əsaslı qazma məhlulu 530 metr dərinlikdə dənizin dibinə dağılıb: “Nazirliyin əməkdaşları tərəfindən məhlul axıdılan yerdən və axıdılma mənbəyinin ətrafından nümunələr götürülüb. Ekotoksikoloji və analitik təhlillər də aparılıb. Təhlillərin nəticəsinə görə dənizin neft və digər toksiki maddələrlə çirklənməsi aşkarlanmayıb. Lakin qazma məhlulunun tərkibində aşağı toksikliyə malik maddələrin olduğu müəyyən edilib. Faktla əlaqədar BP Şirkətinə qarşı tərəfimizdən 12 min 300 manat məbləğində iddia qaldırılıb”.

Qeyd edək ki, martın 5-də Xəzər dənizində “İstiqlal” Üzən Dəniz Qazma Qurğusundan “Ultradril” su əsaslı qazma məhlulunun quyunun qazılması zamanı dənizə axıdılması faktı ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşları tərəfindən operativ qaydada ekspedisiya təşkil edilib və hadisə yerində araşdırma aparılıb.
Diaspora