Millət vəkili Qənirə Paşayeva Parlament Qadınlarının Qlobal Forumunun prezidenti Silvana Koch-Mehrin ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə millət vəkili Avropa parlamentinin sabiq vitse-prezidenti Silvana Koch-Mehrinə Azərbaycan, ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib.
Q. Paşayeva 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı danışıb. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.Millət vəkili Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdirən “Azərbaycan Həqiqətləri” filmləri kataloqunu və materialları da Silvana Koch-Mehrinə təqdim edib.
Q. Paşayeva Silvana Koch-Mehrinə Azərbaycan mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı kitablar, materialları təqdim edib və tanınmış modelyer-dizayner Gülnarə Xəlilovanın hazırladığı Azərbaycan mədəniyyətini özündə əks etdirən əsərini bağışlayıb.