Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İrana rəsmi səfərə gedəcək

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İrana rəsmi səfərə gedəcək backend

Mayın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının başçılıq etdiyi nümayəndə heyəti İran İslam Respublikasının İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahimi Türkmanın dəvəti ilə bu ölkəyə səfər edəcək.

Qaziler.az-ın məlumatına görə, Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 11 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsinə dair tədbirlər planına uyğun olaraq Təbriz şəhərində “Radikalizmlə mübarizədə islam həmrəyliyi” devizi altında keçiriləcək “Azərbaycan - İslam mədəniyyətinin incisi” adlı fotosərginin açılış mərasimində iştirak edəcək.

Mayın 26-dək davam edəcək səfər çərçivəsində iki ölkə arasında dini sahədə mövcud əlaqələr və gələcək əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Həmçinin M.Qurbanlının İran İslam Respublikasının Ali Dini Rəhbəri Seyid Əli Xameneinin Təbrizdəki nümayəndəsi Ayətullah Müctehid Şəbüstəri, Şərqi Azərbaycan ostanının ostandarı Esmail Cabbarzadə, digər dövlət rəsmiləri və din xadimləri, həmçinin Təbriz Universitetinin tələbələri ilə görüşləri nəzərdə tutulub.