Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində elmi-praktiki seminar keçirilib

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində elmi-praktiki seminar keçirilib backend

QAZILER.AZ saytı Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Silahlı Qüvvələr şəxsi heyətinin və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyətin əhəmiyyəti mövzusunda elmi-praktiki seminar keçirilib.

Müdafiə nazirinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev giriş nitqi söyləyərək seminarı açıq elan edib.

İyirmi dörd il öncə Laçının işğal edilməsi barədə ətraflı məlumat verilib. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani Silahlı Qüvvələr şəxsi heyətinin və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyətin əhəmiyyəti mövzusunda geniş məruzə ilə çıxış edib.

Prezident Administrasiyası İctimai-Siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev, Respublika Veteranlar Təşkilatının sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və Vətəndaşlıq Tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, Silahlı Qüvvələr Hərbi Akademiyasının baş müəllimi, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov, millət vəkili, iqtisad elmləri doktoru, professor Xanhüseyn Kazımlı və digər qeyri-hökumət təşkilatlarının nümayəndələri müxtəlif mövzularda çıxış edərək bu cür seminarların Silahlı Qüvvələrin şəxsi heyətinin və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm əhəmiyyət kəsb edəcəyini bildiriblər.






Seminar iştirakçıları bir qrup şəhid ailəsinə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Müdafiə nazirinin əmri ilə ölümlərindən sonra övladlarının layiq görüldükləri medalların təqdimetmə mərasimində iştirak edib və 2-5 aprel 2016-cı il döyüş əməliyyatlarına həsr olunmuş videoçarxlara baxıblar.



QAZILER.AZ saytı xəbər verir ki, tədbirdə “Qarabağ qaziləri” birliyinin sədri Etimad Əsədov da çıxış edib. O, aprelin 3-5-də və mayın əvvəlində keçmiş döyüşçülər, bir sıra QHT rəhbərləri cəbhədə səfəri zamanı ön səngərdə olarkən düşmənlə üz-üzə dayanan general, zabit və əsgərlərimizin mənəvi, psixoloji hazırlığının yüksək səviyyədə olduğunu müşahidə etdiklərini deyib. Ordumuzun Qarabağı işğaldan azad etməyə qadir olduğunu vurğulayan E.Əsədov dövlətimizin, millətimizin qələbəni haqq etdiyini bildirib.



QAZILER.AZ saytının baş redaktoru Rey Kərimoğlu çıxışında düşmənin hücumlarının qarşısını almaq məqsədi ilə ordumuzun kiçik bir qrupunun iştirakı ilə əks həmləsi zamanı əsgər və zabitlərimizin, hərbi qulluqçuların qəhrəmanlıqlarının hər bir anı Azərbaycan cəmiyyətinə çatdırılmalıdır. O, bu məqsədlə Müdafiə Nazirliyinin Azərbaycan Mətbuat Şurası, Milli Televiziya və Radio Şurası, Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə layihələr həyata keçirsə müsbət nəticə ola biləcəyini söyləyib.
Diaspora