Müəllimlərin yerdəyişməsi üzrə müsahibə mərhələsi keçiriləcək

Müəllimlərin yerdəyişməsi üzrə müsahibə mərhələsi keçiriləcək backend

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi üzrə 2016-cı ilin may ayında 3 (üç) mərhələli (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) müsabiqə yekunlaşmaq üzrədir. BŞTİ-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən 393 müəllim qeydiyyatdan keçib və müvafiq sənədləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim ediblər.

Müsabiqənin birinci – elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi mərhələsində daxil olan elektron ərizələrin və təqdim edilən sənədlərin təhlili aparılaraq onlardan 297 nəfəri müsabiqənin növbəti - test imtahanı mərhələsinə buraxılıblar.

Müsabiqənin ikinci – test imtahanı mərhələsi mayın 14-də İqtisad Universitetinin II Tədris binasında təşkil edilib. Test imtahanında 288 nəfər iştirak edib. Test imtahanının nəticələrinə əsasən 176 nəfər müsabiqənin növbəti – müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Müsabiqənin üçüncü – müsahibə mərhələsi isə sabah saat 14:00 və 15:30-da Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov küçəsi 6 ünvanında (Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaxınlığında) yerləşən Bakı şəhəri 42 nömrəli tam orta məktəbdə təşkil ediləcək. Müsahibə mərhələsində iştirak edəcək müəllimlər aşağıda əlavə edilən cədvəllər üzrə müəyyən edilmiş vaxtda təyinat məntəqəsində olmalıdırlar.

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, Müsabiqənin üçüncü (müsahibə) mərhələsinin vaxtı və yeri barədə məlumat iştirakçıların (www.miq.edu.az/baku/ internet ünvanı vasitəsilə elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçmiş şəxslərin) şəxsi səhifəsində yerləşdirilib, eyni zamanda, onların qeydiyyata alınmış mobil əlaqə nömrələrinə SMS vasitəsilə göndərilib.
Qeyd edək ki, müsahibəyə gələrkən şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir.