Zaqatalada mültikulturalizmlə bağlı tədbir keçirilib

Zaqatalada mültikulturalizmlə bağlı tədbir keçirilib backend

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Zaqatalada “Azərbaycan xalqının multikultural və tolerant dəyərlərinin cəmiyyətdə təbliği” adlı tədbir keçirib.

Birlikdən Lent.az-a verilən məlumata görə, tədbirin əhəmiyyəti barədə danışan təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, əsrlərdir Azərbaycanda hökm sürən milli və dini tolerant münasibətlərin dövlət tərəfindən bu gün də mühafizə edilməsi xalqımız üçün qürurvericidir: “Mültikultural dəyərlərin, dini və milli dözümlülüyün qorunması Azərbaycan dövlətinin ən böyük uğurudur. Məhz ölkə Prezidenti İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizim ili” elan edilməsi də Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına ən böyük xidmət kimi qəbul olunmalıdır”.
Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli Zaqatala şəhidləri Rəvan Nuriyev və Sərxan Bayramovun timsalında bütün Vətən şəhidlərini rəhmətlə anıb. Sonra o, təəssüflə bidirib ki, Azərbaycan dövlətinin uğurlu tolerant siyasətindən sui-istifadə edən milli dönüklər, təkfirçi vətəndaşlarımız da var: “Onlar vətənimiz, dövlətimiz, Qarabağ adına deyil, digər yad ölkələrdə öz din qardaşlarını qətlə yetirməklə mübarək dinimizə, eləcə də mərhəmət və şəfqət dolu qəlb sahibi olan xalqımıza ləkə gətirirlər. Ona görə də hər bir vətəndaşımızı dövlətin uğurlu tolerant siyasətinə dəstək olmağa səsləyirəm”.