Abbas Mirzə Şərifzadənin evini dağıtdılar

Abbas Mirzə Şərifzadənin evini dağıtdılar backend

Paytaxtın “Sovetski” məhəlləsində yerləşən tarixi abidələrdən daha biri bu gün sökülüb. Söhbət böyük sənətkarlarımız, Azərbaycanın ilk kinorejissorlarından biri, əməkdar artist Abbas Mirzə Şərifzadənin və onun həyat yoldaşı SSRİ xalq artisti Mərziyə Davudovanın yaşadığı üçmərtəbəli evdən gedir.

Akademik Milli Dram Teatrının yaxınlığında yerləşən bu mülk 1910-cu ildə tikilmişdi və tarixi abidələr sirasındaydı. Böyük aktyor 1937-ci ilədək, həbs olunana qədər bu evdə yaşamışdı.



Böyük sənətkar həmin ilin 4 dekabrında öz evində həbs olunmuşdu, bir il sonra güllələnmişdi. Həbs edilərkən bu evdə axtarış aparılmışdı, bir teatr qılıncı, iki teatr tapançası silah kimi müsadirə edilmişdi.

Uzun müddətdir müzakirə mövzusu olmasına, hətta deputat Fazil Mustafa tərəfindən parlamentdə qaldırılmasına baxmayaq, söküntü işlərini həyata keçirənlər bu binanı dağıtmaq niyyətindən əl çəkməyiblər.

Xatırladaq ki, bu ünvanda Şərifzadələr nəslinin daha bir yadigarı, Azərbaycanın xalq artisti Firəngiz Şərifova da dünyaya gəlib. Bu nəslin digər yadigarı olan Eldar Qasımov isə Avroviziya mahnı müsabiqəsinin 2011-ci ildəki qalibidir.



Əməkdaşımız bir neçə ay öncə sözügedən ünvandan reportaj hazırlayanda artıq qapıdakı lövhənin çıxarılmasının şahidi olmuşdu. Lakin məsələnin ictimailəşdirilməsi səbəbindən məmurlar söküntü prosesini ləngitmişdilər. Mirzəağa Əliyev, 115-də yerləşən evlə bağlı Elmlər Akademiyası və Mədəniyyət Nazirliyi tərəfindən araşdırma aparıldığı deyilirdi. Bildirilirdi ki, onların gəldikləri qərardan sonra bina barədə son qərar veriləcək. Sakinlərin dediyinə görə, bir neçə gün əvvəl evin qapısını da çıxarıb aparıbmışlar. Bu gün isə ildırım sürəti ilə başlanan söküntü işi qısa müddətdə başa çatdırılıb və ev yerləbir edilib.
Diaspora