Ölkə başçısının əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, imtiyazlı ailələrə kömək göstərilməsi barədə tapşırıqları Füzuli rayonunda daima diqqət mərkəzində saxlanılır.
ANS PRESS xəbər verir ki, dövlət başçısının "xalqla dövlət məmuru bir yerdə olmalıdır" sözlərinə uyğun olaraq rayon rəhbərliyi Novruz bayramı münasibətilə Horadiz şəhərində şəhid ailələrinə və imtiyazlı ailələrə baş çəkib, onlara bayram sovqatları verib, problemləri ilə maraqlanıb. Həmin ailələrlə birgə çay süfrəsi arxasında söhbət zamanı Novruz bayramının paylaşmağın, yardımlaşmağın, qardaşlığın və əmin-amanlığın rəmzi olduğu bildirilib.
İcra Hakimiyyətinin başçısı Alı Alıyev Horadiz şəhər sakinləri, şəhid anaları ilə söhbətində ölkə başçısının və onun xanımı Mehriban Əliyevanın şəhid ailələrinə, ehtiyacı olan insanlara, o cümlədən Füzuli rayonuna göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, insanların sosial müdafiəsinə xidmət edən çoxsaylı xidmətləri füzulililərin ölkə başçısına, onun xanımına olan inamını gücləndirir, arzu olunan günlərin – işğal olunmuş torpaqlarımıza, Füzuliyə qayıdışın böyük əsası olduğu inamını artırır. Biz məhz bu inamla yaşayır işləyirik.
Şəhid anası Xanım Hüseynxanova, Mehrac Əliyev, Əsnay Tanrıverdiyeva xalqımızın ən əziz bayramı olan Novruzda onları yada saldıqlarına, qayğıları ilə maraqlandıqlarına görə ölkə başçısına və onun xanımına minnətdarlıqlarını bildirib, həmişə dövlətin diqqət və qayğısını hiss etdiklərini vurğulayıblar.
Digər çıxış edənlər Prezident İlham Əliyevin “Azərbaycan vətəndaşları daha yaxşı həyata layiqdirlər. Biz hakimiyyət olaraq bu şəraiti yaradır və yaratmalıyıq” sözlərini xatırladıblar.