Birincilərin ilk test sınağı - QƏBUL PROSESİ NECƏ GEDİR?

Birincilərin ilk test sınağı - QƏBUL PROSESİ NECƏ GEDİR? backend

Son illər I sinfə gələn şagirdlərin sayında əhəmiyyətli artım müşahidə olunur. 2015-ci ildə I sinif şagirdlərinin sayı 157 mindən çox olub, 2016-cı ildə isə bu rəqəmin 165 mindən çox olacağı proqnozlaşdırılır. Təhsil Nazirliyindən APA TV-yə verilən məlumata görə, ümumilikdə növbəti 5 ildə ölkə məktəblərində təhsil alan şagirdlərin sayı 30 faiz artacaq.


Birinci siniflərə qəbul üzrə imtahan komissiyasının sədri Səmayə Eynullayeva qeyd edir ki, 2016-2017-ci dərs ili üçün elektron sistem vasitəsi 14 min 175 valideyn övladlarının I sinfə qəbulu ilə bağlı elektron qeydiyyatdan keçib: "Mayın 2-dən qəbul imtahanlarına start verilib. Hazırda iştirak etdiyimiz Ankara Məktəb Liseyinin 1-ci sinfinə qəbul üçün 608 nəfər qeydiyyatdan keçib. Mayın 6-na olan statistikaya görə, 368 nəfər şagird artıq müsabiqədən keçib. Uşaqların bilik və bacarığına gəlincə, bu, ildən-ilə müsbətə doğru dəyişir. Bu il imtahana gələn uşaqların 80 faizi hazırlıqlı uşaqlarıdır".

Səmayə Eynullayeva bildirib ki, bu günə olan rəsmi məlumata əsasən, 7 min 19 nəfər oğlan, 6 min 327 nəfər qız I sinfə qəbul üçün elektron sistemdə qeydiyyatdan keçirilib. Onlardan 716 nəfəri 6 yaşı tamam olmayanlardır: "Ümumiyyətlə, birinci sinfə qəbul üçün müsabiqəyə salınan test sualları mütləq uşaqların fizioloji yaş qrupuna müvafiq olmalıdır. Kim nə istəyir, o sualı verə bilməz. Əvvəlcə ibtidai siniflər üçün metod birləşmə iclasında bütün sualları təhlil edirik. Uşağın məntiqinə, idrakına, yaşına uyğun suallar seçilir. Bu suallar məktəbəqədər hazırlığa dair test kitabçalarında var. Valideynlərə tövsiyə edirəm ki, uşaqlarla işləsinlər".

Bakı şəhər Təhsil İdarəsinin metodisti Şəhla Kərimova bildirir ki, bu gün uşaqların hazırlıq səviyyəsində irəliləyiş danılmazdır. Uşaqların fərdi və yaxud kollektiv şəkildə hazırlığa cəlb olunmasının önəminə diqqət çəkən Şəhla Kərimovanın sözlərinə görə, ibtidai sinif şagirdlərinin yüklənməməsi diqqətdə saxlanılmalıdır: "Müəllimlər hər bir şagirdin fərdi imkanını nəzərə almalı, onların bacarıq səviyyəsinə uyğun olanı seçməlidir. Yəni 1-ci sinifdə oxuyan hər bir uşağın gün ərzində 20 çalışma etməsi doğru deyil. Bu gün əksər müəllimlər çalışır ki, 45 dəqiqə ərzində 20 çalışmanın hamısı həll olunsun, bu isə uşaqların yaş və fizioloji baxımdan yüklənməsi ilə nəticələnir. Ən önəmlisi isə odur ki, müəllim hansı çalışmanı ev tapşırığı verəcəksə, onun əsasında sinifdə hazırlıq zamanı məlumat verməlidir. Etmədiyi çalışmalar uşağa həll olunması üçün evə tapşırılmamalıdır".

Ankara məktəb-liseyində birinci sinfə qəbul üzrə imtahan komissiyasının sədr müavini Zülfiyyə Qurbanova düz 12 ildir birincilərin qəbul müsabiqəsinə qatılır. Onun sözlərinə görə, təhsil inkişaf etdikcə, tələb də artır: "Zamanla testin sualları təkmilləşdirilir. Birincilərin müsabiqə sualları daha rəngarəng olur. Uşaqlara ətraflı, geniş və məntiqli suallar verilir. Hər qəbulda uşaqlar bizi yeniliklərlə təəccübləndirilər. Biz də gələcəyin şagirdlərinə baxıb sevinirik. Amma içərilərində zəif uşaqlar da olur. Əksər uşaqlar isə hazırlıqlı olur".

Müsabiqəyə qatılan azyaşlıları imtahan edən Gülnarə Qədirova deyir ki, bu ilki uşaqların səviyyəsini orta qiymətləndirmək olar: "Qəbula gələn azyaşlılar içərisində hər cür şagirdə rast gəlmək olur. Əla, yaxşı və orta. Lap zəif uşaqlarla bu ilki qəbulda rastlaşmamışam".

İbtidai sinif müəlliməsi Hörmət Mürşüdova isə deyir ki, istedadlı uşaqların sayı daha çoxdur: "Bu ilki uşaqların valideynləri onların üzərində daha çox işləyiblər. Testlərin səviyyəsinə gəlincə, onu deyə bilərəm ki, bu suallar 5-6 yaş qrupunda olan uşaqların hansı normativləri bildiyini müəyyən etmək üçün hazırlanıb. Daha məntiqli uşaqları seçmək üçün nisbətən mürəkkəb suallara rast gəlmək olar, amma xüsusi ağırlıqlı suallar yoxdur".

İbtidai sinif müəlliməsi Afaq Eyyubova isə deyir ki, bu qəbula gələn uşaqlar arasında Azərbaycan bölməsinə müraciət edənlərin sayı daha çoxdur: "Məktəbə hazırlıq kursunu keçmiş uşaqlar üçün tərtib edilən testlərdən keçmək o qədər də çətin deyil. İmtahan həm rusca, həm də Azərbaycan dilində aparılır. Bu il müsabiqəyə göndərilən ərizələrin 50 faizi daha çoxu Azərbaycan bölməsinə, 40 faizi isə rus bölməsinədir”.

I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi zamanı azyaşlılardan sağlamlıq kağızı tələb olunmasa da, imtahanlara tibb işçiləri də cəlb olunur. Məktəbəqədər təhsil müəssisələrində uşaqların fiziki, əqli və psixoloji cəhətdən məktəbə hazırlığını müəyyənləşdirmək məqsədi ilə onların diaqnostikası həyata keçirilir. Tibb işçisi Səmayə Bünyatova indiyədək yalnız bir fiziki qüsurlu uşağa rast gəldiklərini deyir: "İmtahanlar səhər 9-dan başlanılır. Bu saata qədər yalnız bir fiziki qüsurlu uşaqla rastlaşmışıq. Bununla bağlı valideynə məlumat verilir. Qəbula gələnlər arasında nitqi qüsurlu uşaqlara da rast gəlinir. Bununla bağlı valideynlə məsləhətləşdikdən sonra həmin uşaq loqopedə yönəldilir. Olur ki, az həyəcanlı olurlar. Amma tibbi baxımdan elə bir ciddi faktla rastlaşmamışıq".

Fürsətdən istifadə edib valideynlərin də fikrini öyrəndik. Fərid Eyvazovun sözlərinə görə, uşağın qəbul üçün bacarığı onu qane edir: “Çünki övladım bir ildir hazırlıq kursuna gedir. Orada da uşaqlar arasında seçilib. Bu günə kimi 15-20 sınaq imtahanında iştirak edib. 100 faiz nəticə göstərib".

Valideynlərdən Gülzadə Məmmədova oğlunun iki yaşından bağçaya getdiyini deyir: Oğlum iki yaşından bağçaya gedib. Artıq bir ildir hazırlıq kursuna gedir. İmtahan verdik. Çox uğurlu oldu. 82 bal topladı. Bu da keçid üçün yetərlidir. Testdən razı qaldıq, ən önəmlisi isə odur ki, şəffaflıq var. Valideyn özü imtahanın gedişini izləyir. Daha sonra uşağın testdə verdiyi cavablarla tanış olur. Yəni hər şey göz qabağındadır".

Paytaxtın 177 saylı orta ümumtəhsil məktəbində də imtahanın gedişi ilə maraqlanırıq. Burada da imtahan zamanı valideynlər övladlarının bilik və bacarıqlarının qiymətləndirilməsi prosesində iştirak edirlər. Məktəbin direktoru Həqiqət Qarayeva deyir ki, uşağın bağça hazırlığının olması vacibdir: "Əgər valideyn uşaqla maraqlanırsa, yəni onun məktəbə hazırlığına diqqət edirsə, qəbul prosesində heç bir ciddi çətinlik yaşanmır. Çox yaxşı olardı ki, uşağın bağça hazırlığı olsun. Çünki bu çox önəmlidir. Hətta Təhsil Nazirliyinin xətti ilə orta ümumtəhsil məktəblərində hazırlıq kursları fəaliyyət göstərir. Bu il bizim məktəbə plan üzrə Azərbaycan bölməsinə 90 nəfər, rus bölməsinə 40 nəfər yer ayrılıb".

Yeni tədris ili üçün artıq 12 min 737 nəfər valideyn məktəb, lisey və gimnaziyalara sorğu yerləşdirib. Onlardan 10 min 447 nəfəri övladlarının təhsil alması üçün ümumtəhsil məktəblərini, 2 min 290 nəfəri isə lisey və gimnaziyaları seçib.
Diaspora