İordaniya Qarabağ problemində birmənalı mövqe tutur

İordaniya Qarabağ problemində birmənalı mövqe tutur backend

Millət vəkili Qənirə Paşayeva İordaniyada İordaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri və üzvləri ilə görüşüb. Lent.az-ın məlumatına görə, Q.Paşayeva bildirib ki, İordaniya Azərbaycan üçün dost, qardaş ölkədir və Azərbaycan xalqı İordaniyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycana hər zaman verdiyi dəstəyi yüksək dəyərləndirir.

Azərbaycan və İordaniya arasındakı ikitərəfli münasibətlərin inkişaf etdiyini deyən millət vəkili İordaniya Senatının Xocalı soyqırımını tanıması, Ermənistanın insanlıq əleyhinə yönəlmiş bu vandalizm hərəkətlərini qətiyyətlə pisləməsi ilə bağlı qəbul etdiyi sənədi, bəyanatı yüksək qiymətləndirib.

Q. Paşayeva Ermənistanın cəbhə bölgəsində bu gün də davam etdirdiyi təxribatlardan və Qarabağ həqiqətlərinin dünyaya tanıdılması istiqamətində Azərbaycanın gördüyü işlərdən danışaraq bildirib ki, bu məsələlərdə hər zaman İordaniyanın dəstəyinə ehtiyac var.

İordaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri və üzvləri də ölkələr arasındakı münasibətlərin daha da inkişafı üçün çalışacaqlarını deyiblər və Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı İordaniyanın hər zaman birmənalı mövqe tutacaqlarını, Azərbaycanın yanında olacaqlarını qeyd ediblər.

Sonda Q.Paşayeva onlara rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib.

Görüşdə həmçinin Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov də iştirak edib.