Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün mayın 8-də Respublikanın 37 şəhər və rayonunda sonuncu sınaq imtahanları keçirib. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün 50258 abituriyent qeydiyyatdan keçib.
İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Göyçay, Şirvan, Lənkəran, Ağcabədi, Xaçmaz, Daşkəsən, Ağstafa, Şamaxı, Qobustan, Mingəçevir, Goranboy, Yevlax, Zaqatala, Qəbələ, Bərdə, İsmayıllı, İmişli, Fizuli, Beyləqan, Saatlı, Yardımlı, Cəlilabad, Masallı, Siyəzən və Şabran, Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur, Şahbuz şəhər və rayonlarında, ümumilikdə 68 binada təşkil olunub.Bildirək ki, mayın 9-dan etibarən Komissiyada imtahan protokolları və cavab kartlarının emalına başlanılıb və nəticələr yaxın günlərdə elan olunacaq. İmtahan nəticələrini Komissiyanın internet səhifəsindən və bütün mobil operatorlardan iş nömrəsini 7727-yə boş SMS göndərməklə öyrənmək olar.
Sınaq imtahanlarına müəyyən olunmuş vaxtda qeydiyyatdan keçib iştirak edə bilməyən abituriyentlərin nəzərinə çatdırırıq ki, TQDK-nın internet saytında (https://eservices.tqdk.gov.az/sinaq/online_ex.aspx ) online qaydada sınaq imtahanı xidmətindən istifadə edə bilərlər. 03, 10, 24 aprel tarixlərində I-IV ixtisas qrupları üzrə keçirilmiş sınaq imtahanlarının materialları imtahan verə biləcəyiniz testlərin siyahısına əlavə edilib. Bundan əlavə qeyd olunan imtahanların sual kitabçaları (Azərbaycan və rus bölmələri) və bəzi test tapşırıqlarının izahı TQDK-nın internet saytında (http://tqdk.gov.az/exam/pretest/) yerləşdirilib. Sonuncu sınaq imtahanlarının materialları da eyni qaydada müvafiq bölmələrə əlavə ediləcək.