Millət vəkili Qənirə Paşayeva İordaniyada keçirilən Qadınların Global Forumunda iştirak edib. Lent.az-ın məlumatına görə, parlamentdə təmsil olunan qadınların keçirdiyi Forumda Azərbaycanda mədəniyyətlər və dinlərarası dialoqdan danışan millət vəkili bildirib ki, dünyada dözümsüzlüyün və ksenofobiyanın artması, tolerantlığın azalması ciddi narahatlıq doğurur: “Biz bunun səbəblərini ciddi təhlil etməli və onlara qarşı sərt mübarizə aparmalıyıq. Bəzi ölkə siyasətçilərinin, siyasi partiyaların bəyanat və açıqlamaları insanlar arasında dözümsüzlüyü, ksenofobiyanı artırır. Dözümsüzlüyün, ksenofobiyanın nələrə səbəb olduğunu görməli və dünyanın harasında baş verməsindən asılı olmayaraq ona qarşı birlikdə sərt mübarizə aparmalıyıq”.
Mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun indi dünyada ən aktual mövzulardan biri olduğunu qeyd edən millət vəkili deyib ki, Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların mehriban yaşadığı bir ölkədir və Şərqlə Qərb, Qərblə İslam dünyası arasında bir körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verir və bu istiqamətdə çoxlu sayda beynəlxalq tədbirlərə, forumlara, seminarlara ev sahibliyi edir.