Yeni tətbiq edilən ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) sosial yardım üçün müraciət edilməsi və müraciətlər üzrə ailələrin yardım almaq hüququna baxılaraq qərar qəbulu prosesinin avtomatlaşdırılmış rejimdə həyata keçirilməsini təmin edir.
Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev virtualaz.org saytına bildirib ki, “Elektron hökumət” portalındakı “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidməti vasitəsilə 60106 müraciət təsdiqlənib.68 rayon və şəhər üzrə 4872 ailəyə VEMTAS tərəfindən ünvanlı sosial yardım verilib. Təyin edilmiş ünvanlı dövlət sosial yardımlarının orta aylıq məbləği 154,09 manat olub. Sistemdə təyinatı aparılmış ünvanlı sosial yardımları üzrə ən yüksək aylıq məbləğ isə 510,09 manat (Ucar rayonu, ailə üzvlərinin sayı 7 nəfər) olub.
Qeyd edək ki, ünvanlı sosial yardımın təyin olunması barədə qərar çıxarıldığı hallarda yardımın məbləği və təyin edilmə müddəti, onun əldə edilməsi üçün plastik kartın hansı bankdan alınacağı barədə vətəndaşa “Ərizə-bəyannamə”də qeyd etdiyi əlaqə vasitələrinin birinə (mobil telefona, şəxsi kabinetinə və s.) elektron formada məlumat göndərilir. Yardım təyin olunmasından imtina edildiyi barədə qərar çıxarıldığı hallarda da eyni qaydada məlumat göndərilməklə, imtinanın səbəbləri vətəndaşın diqqətinə çatdırılır. Hər bir vətəndaş imtinanın səbəbini ortadan qaldırmaqla (əgər bu texniki səhvdirsə) etibarnamənin qüvvədə olduğu müddətdə yenidən VEMTAS-a müraciət edə bilər.