“Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinin rəsmi açılış mərasimi çərçivəsində şəhərdə yeni tikilən “Gənclər evi” istifadəyə verilib.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, həmçinin bir sıra mərkəzi icra orqanlarının rəhbərləri, dövlət və hökumət nümayəndələri, deputatlar, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və xarici qonaqlar iştirak ediblər.Mərasim iştirakçıları əvvəlcə “Gənclər evi”nin qarşısında gənc idmançıların, eləcə də paralimpiyaçıların nümunəvi çıxışına baxıblar. Sonra qonaqlar birlikdə Gəncənin ən möhtəşəm məkanında, Heydər Əliyev adına park kompleksində müasir memarlıq üslubunda tikilən “Gənclər evi”nin açılışını bildirən rəmzi qırmızı lenti kəsiblər.
Məlumat verilib ki, “Gənclər evi”ndə müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün iclas zalları, hərbi vətənpərvərlik, karyera mərkəzləri, studiyalar yaradılıb. Burada kitabxana, kafe, mehmanxana və digər sosial xidmət sahələri də fəaliyyət göstərir.