Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Türkiyənin Trabzon vilayətinin valisi Abdil Celil Öz ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan Q.Paşayeva o zaman Azərbaycan türklərinə qarşı terror törədənlərin indi də müxtəlif terror təşkilatları içərisində Türkiyəyə qarşı cinayət və çirkin addımlarını davam etdirdiklərini deyib.
Vali Abdil Celil Öz “Azərbaycan torpaqlarının işğaldan azad edilməsində hər zaman qardaş Azərbaycanın yanındayıq”, deyib.
Q.Paşayeva görüşdə Xocalı Orman Parkının salınmasına başlanıldığı üçün parkda Ermənistanın törətdiyi soyqırım zamanı həyatını itirmiş 613 insanımızın hər birinin adına bir ağac əkilməsi düşüncəsi, bu həssaslıq üçün təşəkkür edib, valiyə həmmüəllifi olduğu Türkiyə türkcəsində “Karabağ hikayeleri” kitabını hədiyyə edib.
Millət vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının da müəllifi olduğunu və kitabın növbəti hissələrində qədim Trabzonun da yer alacağını bildirib, valini Azərbaycana dəvət edib.
Q. Paşayeva görüşdə Trabzonda təhsil alan azərbaycanlı tələbələr barədə də valiyə məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş edib. Vali Abdil Celil Öz hər məsələdə tələbələrin ona müraciət edə biləcəyini və hər zaman əlindən gələn dəstəyi göstərməyə hazır olduğunu bildirib.



