Samir Şərifov Frankfurta getdi

Samir Şərifov Frankfurta getdi backend

Almaniyanın Frankfurt şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 49-cu illik toplantısı öz işinə başlayıb. Maliyyə Nazirliyindən Axar.az-a verilən məlumata görə, mayın 5-inədək davam edəcək toplantıya Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb.

"Davamlı inkişaf naminə əməkdaşlıq" devizi altında keçirilən illik toplantıda üzv ölkələrdən nazirlər, mərkəzi bank rəhbərləri, yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, iş adamları, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri, tanınmış alim və ekspertlər olmaqla 3 min nəfərdən çox nümayəndə iştirak edir.

Toplantı çərçivəsində Maliyyə naziri Samir Şərifov AİB-nin prezidenti Takehiko Nakao, vitse-prezidentlər Vençay Janq, Divakar Gupta və digər rəsmilərlə işgüzar görüşlər keçirib. Görüşlərdə “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, hasil ediləcək təbii qazın nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsində AİB-nin iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 1966-cı ildə yaradılan AİB-nin baş qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan AİB-yə 22 dekabr 1999-cu ildə üzv qəbul olunub. Azərbaycan bankın Rəhbərlər Şurasının 2015-ci ildə keçirilən 48-ci illik toplantısına ev sahibliyi edib.